ABŞ Prezidenti Donald Tramp daha əvvəl Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə etdiyi kimi, Rusiya və Ukrayna arasında da barışığa nail ola biləcəyinə əminliyini ifadə edib.
Tribuna.az xəbər verir ki, bu barədə Tramp Ankarada keçirilən NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.
“Düşünürəm ki, (Kiyev və Moskva arasında – red.) saziş əldə olunacaq. Biz artıq razılaşmalara nail ola bilmişik”, – Tramp bildirib.
O, nümunə kimi Azərbaycan və Ermənistan arasında 32 il davam edən və nizamlanmasına nail olduğu münaqişəni göstərib.
D.Tramp əlavə edib ki, 8 münaqişənin nizamlanmasına nail olub.
Ukrayna və Rusiya arasında razılaşma əldə etməyi planlaşdırdığı hər hansı bir müddətin olub-olmaması ilə bağlı sualı cavablandırarkən Tramp heç bir zaman çərçivəsi müəyyənləşdirmədiyini bildirib: “Burada son tarix müəyyən etmək qeyri-mümkündür”.
Bundan əlavə, ABŞ Prezidenti Ukraynaya səfər etməyi planlaşdırdığını bildirib: “Bəli, gedərdim. Baxmayaraq ki, o vaxta qədər müharibənin artıq bitməsini üstün tutardım. Məxfi Xidmətin belə bir səfərdən məmnun qalacağına əmin deyiləm. Düşünürəm ki, oradakı insanlar ağır vəziyyətdədirlər. Şəhərə daha çox ziyan dəyməmişdən əvvəl Kiyevə getmək yaxşı olardı. Sözün düzü, bu, çox gözəl şəhərdir. Bəli, uyğun vaxt gəlib çatanda Ukraynaya gedəcəyəm”.
D.Tramp vurğulayıb ki, bu gün axşam Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.
ABŞ lideri həmçinin hesab edir ki, Rusiya və Ukrayna prezidentləri görüşəcəklər, lakin bu görüşün Moskvada keçirilmə ehtimalı azdır.









