ABŞ və İran arasında hərbi münaqişə getdikcə qızışır.
Tribuna.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın “mənim üçün atəşkəs bitdi” bəyanatından sonra Pentaqon İrana kütləvi zərbələr endirməyə başlayıb.
Bu gecə İranın sahilboyu bütün əraziləri, limanları bombalanıb. ABŞ aviasiyası hətta İranın şimalındakı Gülistan əyalətinə qədər nüfuz edə bilib.
Belə ki, ABŞ Mərkəzi Komandanlığı İrandakı təxminən 90 hərbi hədəfə zərbə endirib. Hücumlar əsasən Çabahar, Konarak, Lavan, İranşəhr, Bəndər Abbas, Bəndər Ləngəh, Buşehr, Əbu Musa adası və Sirikə edilib.
Bundan başqa, ABŞ ordusu İranın şimalındakı iki dəmir yolu körpüsünü vurub. Söhbət Gülistan vilayətinin Əqqalə şəhərində yerləşən körpülərdən gedir.
Xatırladaq ki, bu, Şimal-Cənub dəhlizinin üzərində yerləşən əsas dəmir yolu körpülərindən bir neçəsidir.
Təbii ki, İran tərəfi də buna adekvat cavab verib. Belə ki, SEPAH Küveytdəki iki və Bəhreyndə iki ABŞ hərbi bazasına hücum edib. Həmçinin bəyan edib ki, hücumlar təkrarlanarsa, bölgədəki digər ABŞ bazalarına hücum edəcəklər.
Həmçinin o da məlum olub ki, bu gecəki hücumlar zamanı Buşehr və Bəndər Abbas şəhərlərindəki İran ordusunun Aviasiya və Hərbi Dəniz Qüvvələrinin 8 hərbçisi öldürülüb.
Fərda Uğur









