Millət vəkili Vahid Əhmədovun blogger Mehman Hüseynova verdiyi müsahibə bəzi həmkarlarının narazılığına səbəb olub.
Tribuna.az xəbər verir ki, V.Əhmədovun müsahibə zamanı “Seçki olarsa, YAP, REAL, Müsavat və AXCP, BAXCP və BQP öz dairələrində qalib gələr” fikirləri deputat Fəzail Ağamalını özündən çıxarıb.
Ağamalı V.Əhmədovun müsahibə zamanı səsləndirdiyi fikirlərin Milli Məclisin nüfuzuna xələl gətirdiyini hesab edib. Buna görə təklif edib ki, V.Əhmədovun müsahibəsi zamanı verdiyi cavablar İntizam Komissiyasında müzakirəyə çıxarılsın.
Sitat: “O, Milli Məclisin nüfuzuna xələl gətirir, onun legitimliyi sual altına alınır. Azərbaycanda yalnız 3 nəfərin Milli Məclisə seçkilərdə ədalətli səs qazandığını söyləyir, digər parlament üzvlərinin səs qazanmasını şübhə altına alır. Buna görə də mən bütün suallara cavab verilməsi üçün İntizam Komissiyasının sədr müavini kimi xahiş edirəm ki, məsələnin İntizam Komissiyasında müzakirə olunması üçün müvafiq tapşırıqlar verilməsinə imkan yaradasınız”.
Deputat Razi Nurullayev də Vahid Əhmədovu tənqid edib: “Vahid Əhmədovun tərbiyəsiz bir şəxsə müsahibə verməsini, orada deputatların aşağılanmasına rəvac verməsini şiddətlə qınayıram. Onun bu müsahibəsini və fikirlərini Parlamentə və onun deputatlarına qarşı açıq-aydın təhdid kimi qiymətləndirirəm.
O tərbiyəsiz şəxs bir neçə ay öncə parlamentin önündə video çəkib göstərmişdi. Bu, açıq-aydın ən eybəcər təhqirdir. Belə çıxır ki, deputat Vahid Əhmədov da onunla razıdır. Bu gündən Vahid Əhmədovu onun təhqir, təhdid və şantaj şəriki sayıram”.









