MƏŞHUR MƏMMƏDOV: “PREZİDENTİN MƏHARƏTLİ SİYASƏTİ VƏ ORDUMUZUN QƏTİYYƏTİ BİZİ ADDIM-ADDIM XANKƏNDİYƏ, XOCALIYA YAXINLAŞDIRIR”

MƏŞHUR MƏMMƏDOV: “PREZİDENTİN MƏHARƏTLİ SİYASƏTİ VƏ ORDUMUZUN QƏTİYYƏTİ BİZİ ADDIM-ADDIM XANKƏNDİYƏ, XOCALIYA YAXINLAŞDIRIR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Laçın dəhlizi hələ sovet illərindən strateji əhəmiyyətə malik olub. Ona görə də Azərbaycanın ilk dəfə olaraq bu yolda, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsini qurması tarixi hadisədir”.
Tribuna.az-a danışan millət vəkili Məşhur Məmmədov yaradılan məntəqədə Azərbaycan bayrağının ucaldılması və nəzarət-buraxılış məntəqəsindən Ali Baş Komandan Prezident İlham Əliyevə məruzə edilməsini şərh edərkən belə deyib. Deputatın sözlərinə görə, bu gün Azərbaycan əleyhinə Fransa, ABŞ, Rusiya, hətta Almaniya Bundestaqı, Kanada hökuməti belə bəyanatlar səsləndirir, lakin onların çağırışları bizi haqlı işimizdən döndərə bilməz. M.Məmmədov hesab edir ki, əvvəla hər bir dövlət sərhədində nəzarət-buraxılış məntəqəsi qurur: “Azərbaycan bu mənada qanunsuz addım atmayıb. Həmin ölkələrin başqa dövlətlərlə sərhədində nəzarət məntəqələri yoxdurmu? Bunu hansı əsasla bizə tələb kimi irəli sürə bilərlər? İkincisi, Azərbaycan üçtərəfli sənəddə yolun humanitar məqsədlər üçün açıq olmasına razılıq verib, daha bu dəhlizlə silah-sursat, mina daşınmasına, separatçıların döyüş mövqelərinə hərbi texnika aparılmasına, bizə qarşı ərazilərimizdə terrorçuluq edilməsinə şərait yaradılması üçün razılaşmayıb ki?! Bəli, yol açıqdır, dinc erməni sakinləri rahat gedib-gələcək, yoxlanacaq, əgr üzərində qumbara, yaxud partlayıcı maddə yoxdursa, silah aparmırsa, bizim sərhədçilərimiz onların gediş-gəlişinə heç bir problem yaratmayacaqlar. Maraqlıdır ki, ermənilər bu yoldan humanitar niyyət üçün istifadə edirlərsə, o zaman sərhəd xidmətimizin yoxlamasından niyə narahatdırlar? Əgər bir erməni sakit şəkildə Ermənistana gedib, Xankəndiyə qayıdırsa, üzərində bomba yoxdursa, onda nədən təşvişə düşüblər? Deməli, onların xain planları var, yaxşı bilirlər ki, nəzarətin olması Qarabağa hərbi yüklərin, minaların daşınmasına imkan verməyəcək”.

Millət vəkilinin fikrincə, eyni zamanda, bu nəzarət postu separatçıların nəfəsliyini də kəsir və beləliklə, cənab Prezidentin təbirincə desək, qondarma rejimin təlxəkləri heç yerə qaça bilməyəcəklər: “Bu gün müxtəlif bəyanatlar səslənir, amma onların çağırışları əsaslı deyil. Biz bu yolu karvansaraya, terrorçuların oylağına çevirə bilmərik ki, istədiklərini etsinlər. Artıq beynəlxalq ictimaiyyət də yaxşı dərk edir, Azərbaycanın haqlı olduğunu qəbul edir, sadəcə, dişsiz bəyanatlar verməklə erməniləri sakitləşdirməyə çalışırlar. Artıq separatçılar etiraf edirlər ki, Qarabağdan çıxıb gedəcəklər. Hesab edirəm ki, həm cənab Prezidentin diplomatiyada, masada apardığı məharətli siyasət, həm də qalib Ordumuzun qətiyyətli addımları bizi addım-addım Xankəndiyə, Xocalıya yaxınlaşdırır. Artıq bütün Qarabağa nəzarət edirik və yerdə qalan ərazilərdə də bayrağımızın ucalması, suverenliyimizin təmin olunması an məsələsidir”.