“KLOS”un izi ilə: itkin, qazi və şəhid…

“KLOS”un izi ilə: itkin, qazi və şəhid…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək itkin düşən igidlərimizdən biri də “KLOS” ləqəbli Göyüşov Tanrıverdi Ənvər oğludur.

Tribuna.az xəbər verir ki, Tanrıverdi Göyüşov 2 may 1965-ci ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. O, Azərbaycan ordusunun sıralarına Ağdam Rayon Hərbi Komissarlığı tərəfindən çağırılıb və Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Döyüşlər zamanı göstərdiyi şücaət və cəsarət onu silahdaşları arasında tanınmış döyüşçülərdən birinə çevirib.

1992-ci il iyunun 15-də Sırxavənd kəndi istiqamətində gedən ağır döyüşlər zamanı Tanrıverdi Göyüşov yaralanaraq döyüş bölgəsində qalıb və həmin gündən itkin düşüb. Aparılan araşdırmalar onun vətən torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə itkin düşdüyünü təsdiqləyib.

Tanrıverdi Göyüşovun ailəsi də vətənə bağlılığı və fədakarlığı ilə seçilib. Onun qardaşı Mehman Göyüşov Birinci Qarabağ müharibəsinin qazisidir. Qazinin oğlu, Azərbaycan Ordusunun zabiti, leytenant Sərvan Mehman oğlu Göyüşov isə 44 günlük Vətən müharibəsində döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Beləliklə, Göyüşovlar ailəsinin üç nəslinin nümayəndələri vətən uğrunda mübarizəyə qoşulub: onlardan biri itkin düşüb, biri qazi olub, digəri isə şəhidlik zirvəsinə yüksəlib. Bu, bir ailənin timsalında Azərbaycanın mübarizə tarixinin və vətən sevgisinin simvoluna çevrilib.

İyunun 15-i “KLOS” ləqəbli Tanrıverdi Göyüşovun itkin düşməsinin ildönümü idi. Onun əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayır və ehtiramla anılır.

Musavat.com