“Kapital Bank” ASC ötən il avqustundan etibarən hər ay, ayda 2 dəfə olmaqla ümumilikdə 14 (!) dəfə mənim şəxsi məlumatlarımı sorğu edib. Şəxsi məlumatlarıma mənim iş yerim, pensiya və sosial müavinətlərim daxildir. Mən heç vaxt “Kapital Bank”ın müştərisi olmamışam, heç bir banka kredit üçün müraciət etməmişəm.
Tribuna.az xəbər verir ki, üzləşdiyi problemi ictimailəşdirən vətəndaş Gülnarə Mehdiyeva onun xəbəri olmadan müştərisi olmadığı bir bank şəxsi məlumatlarını öyrənməyə cəhd edir:
“Mənim iki sualım var:
1) Nə haqla “Kapital Bank” heç bir əsas olmadan mənim şəxsi məlumatlarımı araşdırır?
2) Nə haqla Azərbaycan hökuməti mənim şəxsi bilgilərimi ayda 2 dəfə bu banka qanunsuz şəkildə təqdim edir?
Güman edirəm ki, bu cür araşdırmaya məruz qalan vətəndaş tək mən deyiləm. “Kapital Bank” kütləvi şəkildə insanları araşdıraraq, məlumatları naməlum məqsədlər üçün istifadə edir”.










