Kamal Abdullanın qadınlar haqqında dediklərini “kişilər, ailənizə sahib çıxın” kimi başa düşmək də olar. Bu gün işləyən qadınların bəlkə də 80 faizi nə yüksək istedadına, nə komfortuna görə işə gedir. Onları 2 yerdə – evdə və işdə çalışmağa məcbur edən səbəblərin başında ərlərin ailəni tam təmin edə bilməməsi dayanır. Təbii, bu tək ərlərin günahı deyil. Normal sistem qura bilən toplumlarda ailəni həm də dövlət saxlayır.
Tribuna.az xəbər verir ki, bu sözləri jurnalist Aygün Muradxanlı ADU-nin rektoru Kamal Abdullanın – “Qadınlar evdə oturub uşaq böyütsə, daha yaxşı olar” sözlərinə münasibət bildirərkən deyib.
Jurnalist əlavə edib ki, işləmək qadını maddi asılılıqdan qurtarmır, əksinə ona əlavə məsuliyyətlər yükləyir:
“Ailə yükünün təxminən 75 faizini. Kimin əri evi təmizləyir, yemək bişirir, mətbəxin bitməz-tükənməz işlərini görür, paltar ütüləyir əlini qaldırsın. Uzağı zibil atır, bazarlıq edir. O da yarıtsa. Bakının iri marketlərinin kassa sıralarına baxın – çoxluq qadınlardır. Demək, işləyən qadın evi də idarə edir, bazara da gedir, üstəlik qazancını da normal olaraq evinə xərcləyir. 75-i burdan çıxardım.
Uşaq böyütmək kimi dünyanın ən çətin işində də yük xanımların üzərindədir. İşləyən qadın uşağı ilə bir yerdə dayəni, bağçanı, məktəbi də nəzarətdə saxlamalıdır. Allah eləməmiş hər hansı problem yaransa, bağça, məktəb müəlliminin, dayənin nə etməsindən asılı olmayaraq günahkar qadındır. Əksini düşünən kişi varsa, lütfən o da əlini qaldırsın.
Dayələr adətən kimlər olur? Təhsilsiz, evindəki min bir dərd-sərə görə işçi haqlarını (əmək müqaviləsi, sığorta, pensiya hüququ) ağlının ucundan keçirməyən qadınlar. Çoxu öz övladını qonşu ümidinə qoyub dayəliyə gedir. Mutluluq verə bilən ana işdə, mutsuz qadın evdə”.
A.Muradxanlı buldirib ki, bölgələrdə, kəndlərdə işə getməyə məcbur olan təhsilsiz qadınların günü lap qaradır:
“Onların ərləri ya işləmir, ya ən az gəlirli işlərdə çalışırlar. Kəndlərimiz arvadları səhər 5-dən kimlərinsə şəxsi təsərrüfatlarında çoban, sağıcı, alaqçı, budayıcı, toplayıcı, qablaşdırıcı işləyən bığıburmalarla doludur. Nərd oynayırlar, domino döyürlər, həyatdan şikayətlənirlər, “rusiyət”dəki əmioğludan nəsə umurlar… Axşamüstü də əldən-dildən düşmüş arvadlarının 15-20 manat olan qazancına şərikdirlər.
Bax bu reallıqlara baxanda Kamal Abdullanı qınamaq yox, ona təşəkkür etmək lazımdır. Ev, ailə qadının komfort zonası olmalıdır. Yemək bişirməyi əzab, övladı ilə məşğul olmağı işgəncə sayan qız heç ərə getməsin. Çünki “evi dişi quş qurur”, “evin çölü kişinin, içi qadının”dır. Bu düstur pozulandan mutluluq o evdən qaçar.
Akademikin dediklərinin qızların təhsil almamasına çağırış kimi anlaşılmasını da başa düşmədim. Təhsil almağın cinsi olur? Qabiliyyəti çatan hər kəs təhsil almalıdır. Kamal Abdullanın da fərqli düşündüyünü sanmıram.
Mövzu genişdir… Amma hara döndərsək, bizim kimi toplumlarda qadın olmaq çətindir…
Qızlar, sizə təhsilli, savadlı qaynana, oğlunu əsl kişi kimi böyüdən qaynata arzulayıram. Onda yediz ər çörəyini”.
Gülşən Rəsul









