Məlumatlara əsasən, sözügedən RF İnşaat MMC şirkətinin Rauf Quluyev tərəfindən idarə olunduğu, şirkətin isə Leysan Məmmədov tərəfindən himayə edildiyi iddia olunur.
Tribuna.az 32gun.az-a istinadən xəbər verir ki, Leysan Məmmədov öz oğlu Elnur Məmmədov vasitəsilə şirkətə şərik qoşularaq müxtəlif iri həcmli layihələrin icrasında maraqlı tərəf kimi çıxış edib.
İddialara görə, Ağdam şəhərində yerləşən Mərkəzi Park layihəsi üzrə təxminən 7,8 milyon manat dəyərində tikinti işləri ilə bağlı tender prosesi üç dəfə ləğv edilmiş, daha sonra isə birbaşa müqavilə üsulu ilə RF İnşaat MMC ilə razılaşma əldə olunmuşdur. Qeyd olunur ki, satınalmalar qanunvericiliyində tenderin bir neçə dəfə nəticəsiz qalması müəyyən hallarda birbaşa satınalmaya əsas yarada bilər. Bu səbəbdən tenderlərin qəsdən nəticəsiz saxlanılması ehtimalı irəli sürülür.
Bundan əlavə, Qərvənd və Pirəhmədli kəndləri üzrə yol tikintisi layihələrində qalib olmuş podratçı şirkətlərə təzyiq göstərildiyi, nəticədə ümumi dəyəri təxminən 55 milyon manat olan işlərin subpodrat qaydasında RF İnşaat MMC-yə verildiyi bildirilir.
Digər iddialara əsasən, Xocavənd rayonu ərazisində təxminən 10 milyon manat dəyərində təmir-bərpa işləri də birbaşa müqavilə mexanizmi ilə həmin şirkətə həvalə olunub.
Məlumatlarda qeyd edilir ki, bu layihələrlə paralel olaraq Leysan Məmmədov, oğlu Elnur Məmmədov və Rauf Quluyev üçün ER OIL adlı yanacaq doldurma məntəqəsinin yaradılmasına şərait formalaşdırılıb. İddialara görə, şirkətin adı Elnur və Rauf adlarının baş hərflərindən formalaşdırılıb.
Yuxarıda sadalanan hallar – tenderlərin ləğvi, birbaşa müqavilələr, təzyiqlə bağlanan subpodrat razılaşmaları və ortaq kommersiya obyektinin yaradılması – RF İnşaat MMC şirkətinə xüsusi himayədarlıq göstərildiyi barədə şübhələri artırır.
Eyni zamanda, şirkətə köçürülən vəsaitlərin sonradan nağdlaşdırılması məqsədilə müxtəlif kommersiya qurumlarından istifadə edildiyi də iddia olunur. Bu kontekstdə Amirşin MMC, Kənanşin MMC və MNR Construction and Equipment MMC kimi şirkətlərin adı hallandırılır.
Qeyd olunan iddiaların hüquqi qiymət alması üçün satınalma sənədlərinin, bank köçürmələrinin, subpodrat müqavilələrinin və benefisiar sahiblik məlumatlarının aidiyyəti dövlət qurumları tərəfindən araşdırılması zəruridir.
Leysan Məmmədovun çirkli oyunları ilə İdman Nazirliyi dövründən ərkəsöyün Elnur Məmmədov belə pulların tüstüsündən keflənərək Sea Breeze-də öz davaları ilə məşhurlaşıb. Bu dırnaqarası qoçaq oğlan nədənsə 44 günlük müharibədə yorğan altında yatırdı.
Məsələ ilə bağlı Leysan Məmmədovun özünə sorğu ünvanlasaq da cavab verməkdən boyun qaçırıb.









