Məlum olduğu kimi, 1990-cı ildə ermənilər tərəfindən işğal edilmiş Azərbaycanın Kərki kəndinin geri qaytarılması məsələsi gündəmə gəlib. Tribuna.az xəbər verir ki, işğaldan sonra Krəkinin adı ermənilər tərəfindən dəyişdirilərək “Tiqranaşen” qoyulmuşdu.
Dünən məlum olub ki, Google kəndin əsl adını özünə qaytarıb. Belə ki, proqramın hazırladığı xəritədə kəndin adı Kərki olaraq göstərilib.
Bununla bağlı danışan Azərbaycana qarşı düşmənçiliyi ilə seçilən “Parlaq Ermənistan” Partiyasının sədri Edmon Marukyan iddia edib ki, guya, Azərbaycan tərəfi Kərkinin geri qaytarılmasını tələb etməyib. “Bu günə qədər Azərbaycan Ermənistana Ermənistan ərazisində yerləşən Kərkinin anklav olması, Ermənistan Respublikasının ərazisinin bir hissəsi olmaması və bizə məxsus olmaması barədə heç bir sənəd və ya hüquqi əsas təqdim etməyib. Bunun heç bir hüquqi əsası, heç bir maddi əsası yoxdur”.
Onun sözlərinə görə, bununla Ermənistanın rəsmi mövqeyi də var: “Ermənistan Respublikasının ərazisində Azərbaycan anklavları yoxdur. Yayılan məlumatlar, eləcə də Ermənistanın xarici işlər naziri və baş nazirinin son açıqlamaları yaxınlaşan fəlakətdən xəbər verir”.
Qeyd edək ki, Marukyan yalan danışıb. Rəsmi Bakı Ermənistan ərazisində hələ də Azərbaycan anklavlarının olmasını dəfələrlə bəyan edib və onların geri qaytarılmasını tələb edib. Tələb olunan kəndlərdən biri də Kərkidir.
Onu da xatırladaq ki, Kərki kəndi strateji nöqtədə yerləşir. Belə ki, bu kənd Ermənistanın cənubu ilə şimalını birləşdirən əsas magistral yolun üzərindədir. Ekspertlər bildirir ki, əgər Azərbaycan Kərkini geri alarsa, Ermənistanın iki bölgəsi arasındakı nəqliyyat əlaqəsi Bakının nəzarəti altına düşəcək.









