Həkim-pediatr Vaqif Qarayev 26 may tarixində fəaliyyətə başlayacaq Bakı-Tiflis-Bakı qatar bilet qiymətlərinə öz etirazını bildirib. Həkim qiymətlərlə bağlı rəsmi qurumun çaşqınlıq yaradan açıqlamasını düzgün hesab etmədiyini deyib.

Tribuna.az-ın xəbərinə görə, həkim bildirib ki, rəsmi qurumlar birdəfəlik dolğun məlumat verməkdənsə, hissə-hissə paylaşırlar:
“Qiymətlərlə bağlı rəsmi qurumun İlk cümləsi belədir – Komfort- 51 AZN. Sonrakı cümlə isə belədir – Bakı-Tiflis-81 AZN-dən başlayır. Bu nə deməkdir, anlayan oldu?
Yəni qiymət başlayır, sonra ucuzlaşmır, daha da baha olur. Sonrakı açıqlamada qeyd edilib ki, Avropa standartlı qatarlardı, plaskart yoxdur, kupe və yüksək sinif vaqonlardır.
Bu açıqlamanı niyə damcı-damcı verirsiniz? Birdəfəlik dolğun məlumat vermək olmazmı? Axı ora gedənlərin hamısı biznesmen, iş adamı deyil. Heç turist də deyil!
Camaat elinə-obasına, doğmalarının xeyir-şər məclisinə gedəcək bütün ilboyu. Aydın məlumat verilsə, sizdən narazı qalacaqlar? Ya da bəlkə bu qiymətlərə etiraz edəcəklər?”.
Gülşən Rəsul









