2027-ci ilin 1 yanvar tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcunun 4833,0 milyon ABŞ dolları, daxili dövlət borcunun isə 19387,1 milyon manat olmaqla ümumi dövlət borcunun 27604,1 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.
Tribuna.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyada nəzərdə tutulan ümumi dövlət borcuna xidmət xərcləri üzrə yuxarı hədd (dövlət büdcəsi xərclərinin 10 faizindən artıq olmaması) 2026-cı ilin birinci yarımili ərzində gözlənilib. Belə ki, dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti 5,6 faiz təşkil edib.
2027-ci ilin 1 yanvar tarixinə xarici dövlət borcunun 59,5 faizinin 5 ilədək, 34,9 faizinin 5-10 il ərzində, 5,6 faizinin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,5-1,5 faiz dərəcəsi (marja) ilə cəlb olunması nəzərdə tutulur.
Həmin tarixinə daxili dövlət borcunun 55,3 faizini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazlarının təşkil etməsi proqnozlaşdırılır. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 51,0 faizi 5 ilədək, 49,0 faizi isə 5 il və daha artıq istiqrazların payına düşməsi gözlənilir.









