“Ətin qiyməti süni şəkildə qaldırılır” – Millət vəkili

“Ətin qiyməti süni şəkildə qaldırılır” – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, artıq bir neçə gündür ki, Azərbaycanın bölgələrində mal və quzu əti bahalaşıb.
Bazarda quzu ətinin qiyməti 14 manatdan 15 manata, mal ətinin qiyməti isə 11 manatdan 13 manata qalxıb. Ət satışı ilə məşğul olan satıcılar bildiriblər ki, budəfəki qiymət artımı mövsümi deyil. Əsas səbəb diri çəkidə alınan mal-qaranın baha olmasıdır. Satıcılar ətin bahalaşmasını ot və yemin qiymətinin qalxması ilə əlaqələndirsələr də, bəziləri səbəb kimi hazırda ətlik mal-qaranın azlığını göstərir.
Məsələyə münasibət bildirən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev Bakupost.az -a deyib ki, ölkəmiz özünü mal əti ilə 90, qoyun əti ilə 100 faiz təmin edə bilir:
“Azərbaycanda bu tendensiya artiq adət halını alıb, bir məhsulun qiyməti cüzi artan kimi digər məhsulların da qiymətini artırırlar. Əsassız yerə, birdən-birə ətin qiymətini bu qədər qaldırmaq doğru deyil. Bunu çox vaxt sahibkarlar özləri məqsədli şəkildə edirlər”.
Millət vəkili ölkədə heyvandarlığın inkişafının yüksək səviyyədə olduğunu bildirib:
“Ət və süd məhsulları da təlabata uyğundur. Hesab edirəm ki, bu gün paytaxtda, eləcə də digər şəhərlərdə ətin baha olmasının digər səbəbi kəndlinin öz heyvanını bazara çıxara bilməməsidir. Müəyyən adamlar var ki, o heyvanları ucuz qiymətə alaraq gətirib şəhərdə baha qiymətə satırlar. Kəndlinin imkanı çatmır ki, özü o heyvanı gətirib Bakıda kəsib satsın. Bölgələrdə ətlik heyvanların qiyməti o qədər də baha deyil. Müəyyən adamlar rayon bazarlarından heyvanları ucuz qiymətə alıb gətirib burada​ baha satır, süni bahalaşma yaradırlar”.
Millət vəkili hesab edir ki, vəziyyətdən ən yaxşı çıxış yolu tədarük məntəqələrinin yaradılmasıdır:
“İllər öncə bu cür tədarük idarələri var idi. Belə təsərrüfatların yenidən yaradılması yaxşıdır. Əhali bundan faydalana bilər”.