30 illi işğal dövründə də, postmünaqişə dövründə də Azərbaycan ərazilərinin hər gün atəşə tutulmasını eşitmişik, atəşkəsin pozulduğu xəbərlərini almış, bu halların baş verməsinin şahidi olmuşuq. Bu pozuntular zamanı hərbçilərimiz də, mülki şəxslərimiz də həlak olub. Ermənistan heç vaxt imzalanan hər hansısa sənədə, rejimə hörmət etməyib, öz çirkin əməlindən heç vaxt əl çəkməyib. Bu gün onun kimlərəsə arxalanaraq atəşkəsi tez-tez pozmasına da buna sübutdur.
Bu sözləri Tribuna.az-a deputat Vüqar İskəndərov son vaxtlar ermənistanın mövqelərimizi atəşə tutması, gərginlik yaratması səbəblərindən danışarkən deyib.
Millət vəkili qeyd edib ki, ermənilər bu gün Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlılara arxalanır:
“44 günlük müharibədə Azərbaycanın Ermənistanı diz çökdürməsi , kapitulyasiyaya imza atdırması və Ermənistan ordusunu darmadağın etməsi bölgədə yeni geosiyasi konfiqurasiyanın formalaşmasına səbəb oldu. Bilirsiniz ki, atəşkəsin əldə olunması, silahların dayanması da Rusiya prezidentinin xahişi ilə baş tutdu və üçtərəfli bəyanat imzalandı. Üçtərəfli bəyanatda Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirir və Azərbaycan Ermənistanı da buna dəvət edir, sülh əlini uzadır. Çox təəsüf ki, 3 ilə yaxın müddətin keçməsinə baxmayaraq Ermənistan bu və ya digər yollarla sülh müqaviləsinin imzalanmasından, sərhədlərin tanınmasından yan qaçır və Rusiya ilə Qərb arasında monupulyativ siyasət həyata keçirir.
Təbii ki, bütün bu işlərdə Azərbaycan ərazisində müvəqqəti yerləşən rusiyalı sülhməramlıların da günahı var. Hələ də Azərbaycan ərazisindən erməni tör-töküntüləri çıxarılmayıb, hələ də erməni separatçı qruplarını sülhməramlılar himayə edir, bunun müəyyən görüntüləri də var. Bütün bunlar Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarına güvəninin itməsinə gətirib çıxarıb. İndiki halda Ermənistan tərəfindən son vaxtlar hər gün atəşkəsin pozulması, mövqelərimizin atəşə tutulması bir növ adi hal alıb. Ermənilər özləri bunu edərək bizi də bunu etməkdə günahlandırır, atəşkəsi bizim pozduğumuza dair dünyaya haray çəkirlər”.
V.İskəndərov bildirib ki, ermənilər öz etdiklərini bizim üzərimizə ataraq dünyanı bizə qarşı qaldırmağa çalışırlar:
“Onlar bununla gələcək danışıqlarda özlərinə xal qazanmağa çalışır, bununla hələ də sülhə gəlmədiklərini bəyan edirlər. Bildirirlər ki, biz hələ də sülhə gəlməmişik, sakitləşməmişik… Olsun, təbii ki, bu cavabsız qalmayacaq.
Sonuncu Qlobal Bakı Formunda cənab prezidentin bir fikrinə diqqət etmək lazımdır. Prezident bildirdi ki, biz artıq öz üzərimizə düşən bütün işləri görmüşük, şülh üçün əlimizdən gələni etmişik. İkiüzlü Ermənistan isə sülhdən danışaraq sülhü pozmaqla məşğuldur. Prezident bu açıqlaması ilə bəyan etdi ki, Ermənistanın bu kimi təxribatları davam edəcəyi halda Azərbaycan ona yenidən layiqli cavabını verəcək”.










