Ermənistan parlamentinin deputatı Aqvan Vardanyan yeni təkliflə çıxış edib.
Tribuna.az xəbər verir ki, o, Bakıda həbsdə olan hərbi cinayətkarlarla görüşmək üçün nümayəndə heyətinin təşkil edilməsi təşəbbüsünü irəli sürüb.
Vardanyan bildirib ki, toplam 10 nəfərdən ibarət olacaq nümayəndə heyəti yaradılmalıdır. “Parlamentin sədrinə təklif edirəm ki, “Vətəndaş Müqaviləsi” fraksiyasından beş nəfər, “Güclü Ermənistan” fraksiyasından üç nəfər və “Ermənistan” blokundan iki nəfərdən ibarət parlament nümayəndə heyəti formalaşdırılsın və Bakıya yola düşsün”.
O qeyd edib ki, məqsəd bütün həbsdəkilərlə görüşmək, onların saxlanma şəraiti, sağlamlıq vəziyyəti ilə tanış olmaq, hökmləri almaq, Azərbaycanlı hüquq müdafiəçisi ilə görüşmək və həmçinin ABŞ, Fransa və Rusiyanın Azərbaycandakı səfirləri ilə görüşməyə çalışmaqdır. “Rubinyan nümayəndə heyətinə rəhbərlik edə bilər. Onlarla işləmək təcrübəniz var. Azərbaycanlı həmkarınızla danışın. Bunu Mirzoyan-Bayramov cütlüyü vasitəsilə təşkil etməyə çalışın”.
Vardanyan vurğulayıb ki, əgər bu cəhd alınmasa, onlar Gürcüstan üzərindən Azərbaycana səfər etməyə hazırdırlar. “Əgər birbaşa gediş alınmasa, fərqi yoxdur – biz Gürcüstandan keçməklə maşınla Bakıya gedə bilərik. Beynəlxalq təşkilatların müşayiəti ilə. Gəlin öz vəzifəmizi yerinə yetirək, düzgün və məsuliyyətli olanı edək. Qalanları barədə sonra danışarıq”.
Fərda Uğur









