“ELM VƏ TƏHSİL NAZİRLİYİ ŞOUMENLƏRƏ PUL PAYLAYANDA…” – EKSPERT

“ELM VƏ TƏHSİL NAZİRLİYİ ŞOUMENLƏRƏ PUL PAYLAYANDA…” – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Haqlı olaraq mövcud təhsil sistemindən, təhsilin idarə olunmasından, keyfiyyətindən narazıyıq. Amma bu narazılığın günahkarı kimi yalnız müəllimi, xüsusilə ibtidai sinif müəllimini görmək doğru deyil. Qınaq obyekti Elm və Təhsil Nazirliyi olmalıdır. Təhsildən, elmdən xəbərləri olmayıb yüksək vəzifəli şəxsləri qınayın. 200 min manat pulu şoumenlərə qrant deyə paylayanları, dost-tanışlarını vəzifəyə təyin edib 2-3 min manat maaşı heç bir iş görmədən kabinetində vaxt keçirərək alanları qınayın.

Tribuna.az yazır ki, bu sözləri təhsil eksperti Kamran Əsədov 4-cü sinif uşaqlarının təşkil olunan tədbirində valideyn kollektivinin müəlliməyə qızıl komplekt hədiyyə etməsi görüntülərindən danışarkən deyib. Müəllimlərin müdafiəsinə qalxan ekspert bildirib ki, müəllimləri nazirlik ələbaxımlı edib:

“Müəllimlərin heç biri bunun təşəbbüskarı deyil. Müəllimi qınamaq olmaz demirəm, qınaq obyektinə çevrilməli o qədər müəllim var ki. Şagirdlərindən parta yerinə görə pul alan, yanına hazırlığa gəlmədiyi üçün şagirdinə psixoloji təsir göstərən, qiymətini kəsən, dərsi bazara döndərən yetərincə müəllim var. Amma yaxşılar da var, özü də çox var.
Bu gedişlə qınamağa bir müəllim də tapa bilməyəcəksiniz. Evdə iki uşağına baxmaqda çətinlik çəkənlər 42 uşağa 45 dəqiqə ərzində baxan və buna görə də aldığı maaşı yol puluna çatmayan müəllimi qınayır.
Niyə 1 milyon manatı Elm və Təhsil Nazirliyi təyin etdiyi şuranın üzvlərinə peşkəş edəndə qınamadınız? Amma müəllimə valideynlər yığılıb bir hədiyyə ediblər, onu qınayırıq?
Biz Şərq insanlarıyıq, milli dəyərlərimiz var. Əlbəttə ki, mən rüşvətin, əsassız pul tələbinə qarşıyam. Lakin siz evdə ananıza, həyat yoldaşınıza, qızınıza hədiyyə almırsınız?
Heçmi dost-tanışlarınız ilə birlikdə yığışıb restorana yemək yeməmisiniz?
Bir də deyirəm, biz dərs keçməyən, pul qarşılığında qiymət yazan müəllimi qınamalıyıq. Amma haqqı nahaqqa qurban verməyək”.