Ölkədə tibbi dərmanlar və səhiyyə xidmətləri sahəsində ciddi problemlər yaşanır. Həkimlər problemləri ictimailəşdirməkdən ehtiyat edirlər.
Bu sözləri Tribuna.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib.
O qeyd edib ki, ciddi araşdırma aparılmalı, dərman firmalarının işi yoxlanılmalıdır:
“Adi vətəndaşlar, ictimai danışmaqdan qorxub çəkinən həkimlər bu barədə mənə məlumat verirlər. Təəssüf ki, bu sahədəki problemlər çox dərinləşib.
Ölkəyə müəyyən dərmanlar gətirilir və insanlar istifadə edir. Bir müddət sonra dərman firmaları insanlara xeyri dəyən belə dərmanların qarşısını alır. Ölkədəki dərman firmaları bu dərmanın qarşısını alaraq satışa öz istehsalları olan yeni bir dərman buraxırlar. Halbuki həmin dərman əvvəl gətirilən o dərman kimi təsirli olmur”.
E. Hüseynov bildirib ki, ölkədə Alman apteklərin olması bizim dərman bazarının bərbad vəziyyətdə olmasının göstəricisidir:
“Ölkədə dərmanların yan təsirləri öyrənilmir. Dövlət guya 3 mindən çox dərmanın qiymətini tənzimləyib. Ancaq bu dərmanlar başqa ölkələrdəkindən dəfələrlə bahadır.
” Qalusçent” dərmanı bizdə 75 manatdır. Türkiyədə isə 15 manatadır.
Ölkədə aptek şəbəkəsi başqa ölkələrlə müqayisədə 20 dəfə çoxdur.
Yaxşı həkimlər bu barədə danışmağa qorxurlar. Həkimlər xəstə al-veri ilə məşğuldur. Xəstələrin müxtəlif analizlərə, müayinələrə göndərilməsinin səbəbi budur. Yaxşl həkimlər səslərini çıxarmağa qorxur.
Dərman biznesi ilə bağlı ciddi araşdırma aparılmalıdır. Dərman firmalarının işi araşdırılmalı, tədbir görülməlidir”.
Nigar İxtiyarqızı










