Azərbaycanda dövlət qurumlarının rəqəmsal layihələrinin planlaşdırılması və maliyyələşdirilməsinə nəzarət gücləndirilir.
Tribuna.az xəbər verir ki, bununla bağlı danışan Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz bildirib ki, yeni qaydalara əsasən, dövlət qurumları növbəti il həyata keçirmək istədikləri rəqəmsal layihələri, tələb olunan vəsaiti və maliyyələşmə mənbəyini əvvəlcədən təqdim etməlidirlər.
Layihələr texniki və səmərəlilik baxımından qiymətləndiriləcək. Dövlət investisiyası çərçivəsində nəzərdə tutulan layihələr üzrə əlavə rəy alınacaq, daha sonra maliyyə ekspertizası aparılacaq. Yalnız müvafiq rəylər müsbət olduqda layihənin maliyyələşdirilməsi üçün vəsait ayrılması məsələsinə baxılacaq.
Ən diqqətçəkən məqamlardan biri isə dublikat layihələrə məhdudiyyət qoyulmasıdır.
Qanuna əsasən, dövlətin strateji sənədlərinə və ölkənin vahid rəqəmsal inkişaf arxitekturasına uyğun olmayan, eləcə də təkrar layihələrə müsbət rəy verilməyəcək.
Osman Gündüz hesab edir ki, bu mexanizm düzgün tətbiq olunarsa, müxtəlif dövlət qurumlarının eyni və ya oxşar funksiyalar üçün ayrı-ayrılıqda sistemlər yaratmasının və büdcə vəsaitlərinin təkrar layihələrə xərclənməsinin qarşısını almağa kömək edə bilər.
Onun fikrincə, yeni mexanizmin əsas məqsədlərindən biri vahid rəqəmsal dövlət arxitekturasının formalaşdırılması və dövlətin İT xərclərinin daha səmərəli idarə olunmasıdır.
Bununla yanaşı, ekspert yeni qaydaların əlavə bürokratik mərhələyə çevrilməməsinin vacibliyini də vurğulayır.
Razılaşdırma prosesinin həddindən artıq uzanması rəqəmsal layihələrin icrasını ləngidə və dövlət qurumlarının çevikliyini azalda bilər.
Gülşən Rəsul









