Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb.
Tribuna.az xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə, o cümlədən qış idman növü üzrə yarışlara uğurla ev sahibliyi etdiyi xatırlanaraq, bu xüsusda Bakıda keçirilən Formula 1 yarışlarının da yüksək səviyyədə təşkil olunduğu vurğulanıb.
Azərbaycanda müasir qış-xizək infrastukturunun yaradıldığı qeyd edildi, Beynəlxalq Xizək və Snoubord Federasiyasının xətti ilə “Şahdağ” Turizm Mərkəzində bir sıra nüfuzlu yarışların keçiriləcəyi vurğulanıb.
Ötən il Azərbaycanın Dövlət Turizm Agentliyi ilə Beynəlxalq Xizək və Snoubord Federasiyası arasında tərəfdaşlıq haqqında imzalanmış müqavilənin ölkəmizdə qış turizmi və qış idman növləri üzrə potensialın inkişaf etdirilməsi baxımından rolu qeyd olunub.
Görüşdə ölkəmizlə Federasiya arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.










