Tribuna.az xəbər verir ki, verir ki, Microsoft-un həmtəsisçisi Bill Gates süni intellektin (AI) təhlükələri ilə bağlı ciddi xəbərdarlıq edib.
Gates NBC News-un “Meet the Press” proqramına müsahibəsində bildirib ki, süni intellektdən pis niyyətli insanların istifadə etməsi çox böyük miqyasda insan itkisinə səbəb ola bilər. O, AI-nin “bir milyard insanın ölümünə səbəb ola biləcək hadisələri” tetikləmək gücündə olduğunu deyib.
Texnologiya milyarderi bildirib ki, indiyədək pis niyyətli insanların əlində olan ən yeni AI alətləri ilə müqayisə ediləcək qədər güclü silah olmayıb. Onun sözlərinə görə, əsas təhlükələrdən biri texnologiyanın zərər vermək istəyən şəxslər tərəfindən istifadə edilməsidir.
Gates eyni zamanda süni intellekt şirkətlərinin özlərini tənzimləməsinin kifayət etməyəcəyini vurğulayıb.
O, hökumətlərin, hüquq-mühafizə orqanlarının və siyasətçilərin AI üçün təhlükəsizlik və monitorinq mexanizmlərinin hazırlanmasında iştirak etməli olduğunu bildirib. Gates bu nəzarətin şirkətlərin könüllü qərarı deyil, məcburi qaydalarla təmin edilməsinin vacibliyini qeyd edib.
Bununla belə, Gates süni intellektin inkişafının tamamilə dayandırılmasına çağırmayıb. Onun mövqeyi daha çox təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və dövlət nəzarətinin artırılması ilə bağlıdır.
Gates daha əvvəl də AI-nin həm böyük imkanlar, həm də ciddi risklər yaratdığını bildirmişdi. Sentyabr ayında rəhbərlik etdiyi fond növbəti iki il ərzində AI-nin səhiyyə, təhsil və digər sahələrdə əlçatanlığını artırmaq üçün ən azı 1 milyard dollar ayıracağını açıqlayıb.
İmran Kərimli









