Şahmatın gözlənilməz təsiri üzə çıxdı

Şahmatın gözlənilməz təsiri üzə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az verir ki, Almaniyanın Mərkəzi Psixi Sağlamlıq İnstitutunun alimləri şahmat əsasında hazırlanan koqnitiv məşqlərin psixi sağlamlıq problemləri olan insanlara təsirini araşdırıb.

2026-cı ildə aparılan iki pilot tədqiqatda bu məşqlərin bəzi koqnitiv funksiyaları və həyat keyfiyyətini yaxşılaşdıra biləcəyi müəyyən edilib.

İlk araşdırmada alkoqol asılılığından müalicə alan insanlar iştirak edib. Standart müalicəyə əlavə olaraq onlara şahmat mövqeləri üzərində xüsusi məşqlər keçirilib.

Tədqiqatın nəticələrinə görə, əlavə məşqlərdə iştirak edən qrupda diqqətin davamlılığında nəzarət qrupu ilə müqayisədə yaxşılaşma müşahidə olunub. İştirakçılar həmçinin həyat keyfiyyətlərinin yüksəldiyini bildiriblər.

İkinci araşdırmada isə 13-17 yaş arasında psixiatrik müalicə alan yeniyetmələr iştirak edib. Altı həftə davam edən proqramdan sonra onların işçi yaddaş göstəricilərində, psixoloji rifahında və həyat keyfiyyətinin qiymətləndirilməsində müsbət dəyişikliklər qeydə alınıb.

Maraqlıdır ki, bu məşqlərdə iştirakçıların şahmat oynamağı bilməsi vacib olmayıb. Onlardan əsasən fiqurların lövhədə yerləşməsini yadda saxlamaq və daha sonra həmin mövqeni yenidən qurmaq tələb olunub.

Alimlərin fikrincə, bu cür tapşırıqlar diqqət, işçi yaddaş, planlaşdırma və problem həll etmə bacarıqlarını məşq etdirə bilər.

Tədqiqatçılar isə vurğulayırlar ki, şahmat məşqləri mövcud psixiatrik müalicəni əvəz etməməli, yalnız ona əlavə vasitə kimi nəzərdən keçirilməlidir.

Araşdırmalar hələ pilot xarakter daşıyır və alimlər nəticələrin daha böyük tədqiqatlarla yoxlanılmasına ehtiyac olduğunu bildirirlər.

İmran Kərimli