Çinin Xarici İşlər Nazirliyi ölkənin Fransadakı səfirinin qalmaqallı bəyanatlarına cavab olaraq keçmiş Sovet İttifaqı ölkələrinin müstəqilliyinə “hörmət etdiklərini” və Pekinin bu məsələdə mövqeyinin “dəyişmədiyini” bildirib.
“Bloomberg”ə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning jurnalistlərə açıqlamasında “Çin keçmiş Sovet respublikalarının İttifaqın dağılmasından sonra suveren ölkələr statusuna hörmətlə yanaşır”.
Mao əlavə edib ki, Çin keçmiş Sovet ölkələri ilə diplomatik əlaqələr qurduqdan sonra onlarla “ikitərəfli dostluq və əməkdaşlıq əlaqələri” yaradıb və bəzi KİV-lər Çinin Ukrayna ilə bağlı mövqeyini “təhrif edir”.
Qeyd edək ki, Çinin Fransadakı səfiri Lu Şaye bu yaxınlarda keçmiş SSRİ ölkələrinin suverenliyini şübhə altına alıb. Onun sözlərinə görə, bu ölkələrin “beynəlxalq hüquqda effektiv statusu yoxdur”, çünki onların statusunu ratifikasiya edəcək müvafiq beynəlxalq müqavilə yoxdur”.
Aİ-nin baş diplomatı Cosep Borrell səfirin bəyanatını tənqid edib və bunu qəbuledilməz adlandırıb. Fransa Xarici İşlər Nazirliyi isə diplomatın bəyanatlarından “dəhşətə düşdüklərini” bildirib və Çini özünü izah etməyə çağırıb.
Öz növbəsində Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bildirib ki, bu cür bəyanatlar Baltikyanı ölkələrin Ukraynada sülhün əldə olunmasında vasitəçilik etmək üçün Çinə etibar etməməsinin səbəblərindən biridir. Və Estoniya Xarici İşlər Nazirliyi izahat almaq üçün Çinin ölkədəki səfirini XİN-ə çağırıb.









