Sağlamlığınızda müsbət dəyişiklikləri qısa zamanda hiss etmək üçün hər gün cəmi 15 dəqiqə piyada gəzmək kifayətdir.
Bir vaxtlar Hippokrat demişdi ki, gəzinti insan orqanizmi üçün ən yaxşı dərmandır və təbabətin atası bu fikrində haqlı idi.
Piyada gəzmək təkcə bir yerdən digər yerə çatmaq vasitəsi deyil. O, ilk baxışdan göründüyündən daha çox fayda verir. Bunu piyada gəzməyin lehinə olan 10 səbəb sübut edir.
Ömrü uzadır
Alimlərin fikrincə, gündəlik piyada gəzintisi və aerobik məşqlər insanın ömrünü 7 ilədək uzada bilər. Üstəlik, fiziki aktivlik özünü yaxşı hiss etməyə kömək etdiyi üçün bu illəri daha sağlam keçirmək ehtimalı artır.
Yuxunu normallaşdırır
Müntəzəm piyada gəzən insanların yuxusu daha rahat və keyfiyyətli olur, yuxusuzluq problemi azalır. Bundan əlavə, onlar daha tez yuxuya gedir və səhərlər rahat oyanırlar.
Stressi azaldır
Stress həm fiziki, həm də emosional sağlamlığa ciddi zərər vurur. Ondan xilas olmaq və ya təsirlərini azaltmaq üçün xüsusilə sevdiyiniz və mənzərəli marşrutlarda daha çox piyada gəzmək tövsiyə olunur.
Alimlər hesab edirlər ki, gəzinti kortizolun (stress hormonunun) səviyyəsini azaldır. Buna görə də insanlar gəzintidən qısa müddət sonra özlərini daha yaxşı hiss edirlər.
Beyin fəaliyyətini yaxşılaşdırır
Tez-tez piyada gəzmək yaddaşı gücləndirir, idrak proseslərini optimallaşdırır və yeni məlumatları öyrənmə sürətini artırır. Eyni zamanda qocalıq demensiyası və Alzheimer xəstəliyinin inkişaf riskini azaldır.
Ağrıkəsici təsir göstərir
Ağrı zamanı insanların ağlına ən son gələn şey piyada gəzmək olur. Lakin alimlər sübut ediblər ki, həkim tərəfindən əks göstəriş yoxdursa, gəzinti hətta xroniki ağrıları da yüngülləşdirə bilər.
Sümükləri möhkəmləndirir
Piyada gəzinti sümük toxumasını gücləndirir. Güclü sümüklər osteoporozun, onurğa əyriliyinin və dayaq-hərəkət sistemi problemlərinin yaranma riskini azaldır.
Maddələr mübadiləsi problemlərinin riskini azaldır
Bu problemlərə qanda şəkərin yüksəlməsi, artıq çəki və yüksək qan təzyiqi daxildir. Bunlar isə diabet, ürək-damar xəstəlikləri və vaxtından əvvəl ölüm riskini artırır.
Metabolik problemlər əsasən hərəkətsiz həyat tərzi nəticəsində yaranır. Bunun qarşısını almaq üçün daha çox piyada gəzmək və aerobik məşqlər etmək lazımdır.
Görmə qabiliyyətini yaxşılaşdırır
Yaş artdıqca demək olar ki, hər kəsdə görmə problemləri yaranır. Bu riskin azalması üçün daha çox piyada gəzmək və aerobik məşqlərlə məşğul olmaq tövsiyə edilir.
Araşdırmalar göstərib ki, müntəzəm gəzən insanlar tor qişanın müxtəlif xəstəliklərindən daha az əziyyət çəkirlər.
Bir sıra xəstəliklərin riskini azaldır
Həkimlər bildirirlər ki, fiziki aktivlik diabet, ürək, damar və ağciyər xəstəliklərinin yaranma riskini azaldır. Həmçinin bəzi bədxassəli şişlərin əmələ gəlmə ehtimalını da aşağı salır.
Mövsümi allergiyanın təsirlərini yüngülləşdirir
Mövsümi allergiya zamanı bir çox insan evdən çıxmamağın daha faydalı olduğunu düşünür. Lakin mütəxəssislərin fikrincə, qaçış və piyada gəzinti allergiyanın yaratdığı narahatlıqları yüngülləşdirə bilər.
Piyada gəzmək üçün nə reseptə, nə də xüsusi avadanlığa ehtiyac var. Hər gün cəmi 15 dəqiqə gəzmək belə qısa müddətdə sağlamlığınızda müsbət dəyişikliklər hiss etməyə kömək edə bilər.
İmran Kərimli
Tribuna.az














