“TikTok”da tanış olduğu şəxslə ailə qurmaq üçün Azərbaycana gələn Özbəkistan vətəndaşı Munisə Camalova dələduzluqla üzləşdiyini iddia edir.
Tribuna.az xəbər verir ki, Baku TV-nin qaynar xəttinə müraciət edən qadının sözlərinə görə, o, 2025-ci ildə “TikTok” vasitəsilə Xaçmaz rayon sakini Elnur Həsənovla tanış olub. Bir müddət sevgili münasibətində olduqdan sonra ailə qurmaq məqsədilə Azərbaycana gəlib.
Munisə Camalova bildirir ki, onlar bir müddət Bakıda birlikdə yaşayıblar. Bu müddətdə hamilə qalan qadının sözlərinə görə, Elnur Həsənov viza məsələləri ilə bağlı ondan pul istəyib. O da müxtəlif vaxtlarda bank vasitəsilə ümumilikdə 3973 manat göndərib.
Qadın Özbəkistana qayıtdıqdan sonra Elnur Həsənovun onunla əlaqəni kəsdiyini deyir. Hamilə olduğunu bildirdikdə isə qarşı tərəfin uşağın atası olmadığını söylədiyini iddia edir.
Munisə Camalova məsələ ilə bağlı qanuni araşdırma aparılmasını istəyir.
“Əgər Elnur uşağın atası olmadığını düşünürsə, mən DNT testinin keçirilməsinə razıyam. Qoy həqiqət rəsmi şəkildə müəyyən edilsin. Bu məsələnin qanuni qaydada araşdırılmasını istəyirəm. Mən bir ana kimi çox çətin vəziyyətdəyəm. Məqsədim qalmaqal yaratmaq deyil. Sadəcə ədalət və uşağımın haqqını istəyirəm”, – deyə o bildirib.
Elnur Həsənovun anası isə uşağın onun nəvəsi olduğunu təsdiqləyən heç bir sübutun olmadığını bildirib. O, uşağın atasının Elnur Həsənov olduğu təsdiqlənərsə, aliment ödəməyə hazır olduğunu deyib.
Elnur Həsənovun anası həmçinin bildirib ki, Munisə Camalova oğluna yalnız öz xərclərini qarşılamaq məqsədilə pul göndərib.









