Amerikalı aktrisa Şeron Stoun “Əsas instinkt” filmindəki məşhur səhnəyə görə insanların uzun illərdir onunla ünsiyyət qurmaqdan qorxuqlarını bildirib.
Tribuna.az xəbər verir ki, bu barədə aktrisa “Variety” nəşrinə müsahibəsində danışıb.
68 yaşlı ulduzun sözlərinə görə, üstündən onilliklər keçməsinə baxmayaraq, bu səhnə ictimaiyyətin ona münasibətini müəyyənləşdirməyə davam edir.
“Filmi jurnalistlərə göstərirdilər, sonra isə onları mənimlə müsahibəyə dəvət edirdilər. Onlar qorxurdular, qarşımda oturub panikaya düşməyə başlayırdılar”, – aktrisa deyib.
Stounun sözlərinə görə, o vaxtdan vəziyyət demək olar ki, dəyişməyib:
“Heç nə dəyişməyib: insanlar bu günə qədər bu və ya digər şəkildə məndən qorxurlar. Düşünürəm ki, öz müstəqilliyini və sarsılmazlığını elan edən qadın ideyası həm o zaman qorxunc idi, həm də indi qorxunc olaraq qalır”.
Qeyd edək ki, 1992-ci ildə çəkilmiş “Əsas instinkt” trillerində baş rolları Şeron Stoun və Maykl Duqlas ifa ediblər. Filmdə Stoun qətl törətməkdə şübhəli bilinən yazıçı Ketrin Tramell rolunu canlandırıb. Söhbət isə onun bir neçə detektiv tərəfindən dindirilməsi səhnəsindən gedir.









