Booking-də məlumat sızması: müştərilər riskdə

Booking-də məlumat sızması: müştərilər riskdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fırıldaqçılar əldə etdikləri məlumatlardan istifadə edərək özlərini otel əməkdaşı və ya dəstək xidməti kimi təqdim edirlər.

Otellərin bron edilməsi xidməti Booking istifadəçilərə şəxsi məlumatların mümkün sızması barədə xəbərdarlıq edib. Tribuna.az xəbər verir ki, Bu barədə BBC News məlumat yayıb. Şirkətdən bildirilib ki, üçüncü şəxslər keçmiş və gələcək bronlarla bağlı məlumatlara icazəsiz giriş əldə edə bilər.

İlkin məlumatlara görə, söhbət istifadəçilərin əlaqə məlumatlarından – ad, e-poçt ünvanı, telefon nömrəsi, eləcə də səfərlə bağlı detallardan gedir. Bununla belə, Booking.com qeyd edib ki, müştərilərin maliyyə məlumatları, o cümlədən bank rekvizitləri bu sızmadan təsirlənməyib.

Hadisə fonunda mütəxəssislər fırıldaqçılıq hallarının artdığını qeydə alır. Cinayətkarlar əldə etdikləri məlumatlardan istifadə edərək özlərini otel əməkdaşları və ya texniki dəstək kimi təqdim edirlər. Onlar bronla bağlı problem bəhanəsi ilə istifadəçiləri pul köçürməyə və ya əlavə məlumat verməyə inandırmağa çalışırlar.

Fırıldaqçılar daha inandırıcı görünür

Təhlükəsizlik üzrə mütəxəssis, Norton şirkətinin nümayəndəsi Luis Korrons bildirib ki, bu cür sxemlər əvvəllər də mövcud idi, lakin məlumat sızması onları daha təhlükəli edir.

Onun sözlərinə görə, real səfər məlumatlarına çıxış fırıldaqçılara daha dəqiq hərəkət etməyə imkan verir – onlar düzgün tarixləri, məkanları və əlaqə məlumatlarını qeyd edə bilir. Bu isə onların mesajlarını adi xidmət yazışması kimi göstərir.

İstifadəçilərə xəbərdarlıq

Şirkət istifadəçiləri ehtiyatlı olmağa və fişinq risklərini nəzərə almağa çağırıb. Booking.com xatırladıb ki, xidmət heç vaxt bank kartı məlumatlarını istəmir və e-poçt, messencer və ya SMS vasitəsilə pul köçürülməsini tələb etmir.

Məlumat sızmaları – yeni təhlükələr

Bu yaxınlarda Avropa Komissiyası superkompüterlərin inkişafı fonunda 2030-cu ilə qədər bütün parolların və şifrələmə sistemlərinin sındırıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Bu isə yalnız şəxsi məlumatların deyil, həm də bank əməliyyatları, yazışmalar və dövlət qurumlarının sənədlərinin kütləvi şəkildə oğurlanması riskini yaradır.

Bundan əvvəl NordPass şirkəti ötən ilin ən etibarsız parollarının siyahısını açıqlayıb. Qlobal reytinqə “123456” kombinasiyası başçılıq edir. İkinci yerdə “admin” qərarlaşıb, ABŞ-da isə bu parol birinci yerdədir. Siyahını “1234” ardıcıllığının müxtəlif variantları və klassik “Password” sözü tamamlayır.

Ekspertlər istifadəçilərə şəxsi məlumatlara daha məsuliyyətlə yanaşmağı tövsiyə edir.

İmran Kərimli