“Bolt” sürücüsü video zəngə görə qəza törətdi: Üç ağır yaralı – Foto

“Bolt” sürücüsü video zəngə görə qəza törətdi: Üç ağır yaralı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bolt” sürücüsü avtomobildə sərnişin olduğu halda telefonla görüntülü danışdığı üçün qəza törədib və sərnişinlərin yaralanmasına səbəb olub. Ancaq “Bolt” şirkəti nə yaralılarla maraqlanıb, nə də qəza ilə bağlı tədbir görüb.

Tribuna.az xəbər verir ki, bu iddia ilə şikayətçi Səkinə Əhədova çıxış edib. O bildirib ki, qəza nəticəsində 15 yaşlı uşaq da daxil olmaqla üç nəfər xəsarət alıb.

Şikayətçinin sözlərinə görə, hadisə iyulun 18-də baş verib. O, “Bolt” vasitəsilə taksi sifariş edib. Yolda sürücünün nitq və eşitmə məhdudiyyətli olduğunu öyrəndiyini bildirən Əhədova iddia edir ki, sürücü avtomobili idarə etdiyi vaxt telefonla işarət dili vasitəsilə görüntülü danışıb.
Əhədovanın sözlərinə görə, bundan sonra avtomobil daşla yüklənmiş “KamAZ”a çırpılıb. Qəza zamanı avtomobildə onun 15 yaşlı oğlu, özü və rəfiqəsi olub.

Şikayətçi bildirib ki, qəza nəticəsində özü baş-beyin travması alıb, dodağına və damağına tikiş qoyulub, qol, ayaq və döş qəfəsindən xəsarət alıb.

15 yaşlı oğlunun çiyin, ayaq və göz nahiyələrindən, rəfiqəsinin isə omba və qol nahiyəsindən xəsarət aldığı qeyd olunur.

Əhədova iddia edir ki, avtomobildə oğlunun və rəfiqəsinin təhlükəsizlik yastığı açılıb, lakin onun qarşısındakı hava yastığı açılmayıb.

Hadisə zamanı “iPhone” telefonunun da itdiyini bildirən şikayətçi 15 gündür işləyə bilmədiyini və dəymiş maddi zərərin kim tərəfindən qarşılanacağını bilmədiyini deyib.

Onun sözlərinə görə, qəza baş verdikdən sonra nə sürücü, nə də “Bolt” şirkətinin əməkdaşları sərnişinlərin vəziyyəti ilə maraqlanıb.

“Deyirlər əsas odur ki, salamat çıxmısan. Sən telefonla kiməsə işarət hərəkətləri ilə video göndərdiyin zaman qəza olub”, – deyə Əhədova yazıb.

Şikayətçi Daxili İşlər Nazirliyinə və Dövlət Yol Polisi Baş İdarəsinə müraciət edərək hadisənin araşdırılmasını xahiş edib.

Məsələ ilə bağlı “Bolt” şirkətinə sorğu ünvanlamışıq. Cavabı olduğu təqdirdə oxucularımıza təqdim edəcəyik.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul