Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş işğal olunmuş Fələstin torpaqlarında davam edən zorakılıq və insan itkilərindən dərin narahatlığını ifadə edib.
Tribuna.az NTV-yə istinadən xəbər verir ki, BMT sözçüsü müavini Fərhan Haq mövzu ilə bağlı yazılı açıqlama verib. Açıqlamada, Quterreşin işğal altındakı İordan çayının qərb sahilində 4 israillinin öldürülməsi, məskunlaşanların ev, məktəb və nəqliyyat vasitələrinin yandırılması da daxil olmaqla dinc əhaliyə qarşı hər cür zorakılıq və terror aktlarını pislədiyi bildirilib.
İyunun 19-da İsrail ordusunun Cenin bölgəsinə hücumu nəticəsində 2-si uşaq olmaqla 7 fələstinlinin həyatını itirdiyi hadisələrdən baş katibin dərin narahat olduğu ifadə edilən açıqlamada , “Gərginliyin azaldılması həyati əhəmiyyət kəsb edir”, – deyə əlavə edib.
Bəyanatda deyilir: “İşğalçı dövlət olan İsrail mülki əhalinin hər cür zorakılıqdan qorunmasını təmin etməli və cinayətkarları məsuliyyətə cəlb etməlidir”.
İsrailin beynəlxalq humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğuna diqqət çəkərək, buna mütənasib güc tətbiqi və hərbi əməliyyatlarda mülki əhalinin müdafiəsi üçün tədbirlər görülməsi də daxil olduğu qeyd edilib.









