“BİZİ BAĞIŞLA, “QARABAĞ””… – SOSİAL ŞƏBƏKƏLƏRDƏ NƏLƏR YAZIRLAR?

“BİZİ BAĞIŞLA, “QARABAĞ””… – SOSİAL ŞƏBƏKƏLƏRDƏ NƏLƏR YAZIRLAR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Bakıda xeyriyyə məqsədilə təşkil olunan və 1-2 hesabı ilə nəticələnən “Qarabağ” – “Qalatasaray” qardaşlıq oyunu zamanı azarkeşlərin demək olar ki, qardaş ölkənin komandasına azarkeşlik etməsi heç də birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri buna etirazını bildirərək azarkeşlərin “Qarabağ” klubuna qarşı hörmətsizlik etdiyini yazıb.

Tribuna.az oyun sonrası matçla bağlı yazılan şərhləri təqdim edir:
Jurnalist Cavanşir Abbaslı:
“Fikirli halda stadiona daxil olan kimi qol səsi ilə stadion titrədi, mən də kütləyə qoşuldum, bir an özümə gəldim ki, qolu “QARABAĞ” deyil, rəqib vurub.
“Qarabağ” Azərbaycanda qonaq, Qurban Qurbanov isə qonaq komandanın baş məşqçisi idi. Bir anlığa ətrafıma deyirdim ki, biz harada oynayırıq? Bundan sonra daim arzu edək ki, “Qarabağ” nə “Qalatasaray”, nə “Fənərbaxça”, nə də “Beşiktaş”la avrokuboklarda rəqib olmasın. Çünki bu gün həm də ona əmin oldum ki, həmin insanlar gedib “Qarabağ”ı deyil, onun rəqibini dəstəkləyəcəklər…
Son 10 ildə sizləri stadionlara daşıyan, bu millətə futbol mədəniyyəti öyrədən, xanımlarımızın artıq rahat şəkildə stadionda futbol izləməsini təmin edən, dünyanın xəyal etdiyimiz klublarını Azərbaycana gətirən, bizlərə yuxumuzda gördüyümüz qələbələri yaşadan “Qarabağ”ı və əfsanəvi məşqçimiz Qurbanı nə tez unutdunuz?”.

Jurnalist Amil Hacıyev:
“Deməsəm ölərəm. Bu qədər də özünə, öz ölkəsinin komandasına qarşı azarkeşlik edən ikinci bir yer tanımıram. Hava limanında “Qalatasaray”ın qarşılanması mənə Tarkanın konsertində özünü lezvalayan qızları xatırlatdı. Stadionda “Qarabağ”ın qapısında yaranmış təhlükəli vəziyyətə görə təəsüflənən bizimkiləri görəndə içim içimi yeyir. Rəhmətlik Böyükağa Hacıyev həmişə deyirdi, qaranquş gəldi gedərdi, sərçənin qadasın alım”.

Teleaparıcı Murad Əzimzadə:

“ “Qarabağ”a haqsızlıq etmiş olmursuz? Hamınız “Qalatasaray” formasıyla getmisiz stadiona. Bəli, qardaşıq, amma qardaşlar arasında sevgi və diqqət bərabər, ədalətli bölünməlidir! Yox? Təbii ki, GS-da bizimdir, “Qarabağ” da, lakin birmənalı GS dəstəkləməyiniz “Qarabağ”ın motivasiyasına mənfi təsir edəcək!”.