Məlum olduğu kimi, Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı basqın ediblər. Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində banklardan birinin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rüfət Həşimov isə ölüb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin bir neçə bəndi ilə cinayət işi başlanıb, istintaq gedir.
Tribuna.az yazır ki, bu mövzuda analitiklərin fərqli baxışı var. Misal üçün təhlilçi Asif Nərimanlının fikrincə, bu hücumun peşəkar şəkildə hazırlandığını görmək üçün kriminalist olmağa ehtiyac yoxdur: “Avtomatla silahlanan adamlar kifayət qədər soyyuqqanlıdır və bankomata pulun gətirildiyi vaxta qədər hər şeyi öncədən biliblər; təbii ki, istintaq hər şeyi müəyyən edəcək, lakin bu məqam onlara informasiya dəstəyinin verildiyi ehtimalını da önə çıxarır. Bəllidir ki, hücum “sosial problemlərdən” qaynaqlanmır, ac, yaxud pula ehtiyacı olan şəxs(lər) avtomatla silahlanıb peşəkarcasına qətl törətmir. Səbəbləri istintaq müəyyənləşdirəcək, hərəçənd, tamah məqsədilə edilsə belə, bunu həm də gündüz saatlarında, insanların hər gün getdiyi məkanda ölkənin təhlükəsizliyinə edilən hücum kimi də qəbul etmək olar. Və Azərbaycanın “təhlükəli ölkə” obrazını yaratmaqda maraqlı tərəflər kifayət qədərdir”.
Siyasi ekspert Yeganə Hacıyeva yazır ki, həbs olunan qatilin sosial media hesabında paylaşımlara görə adam İran aşiqidir və özünü “fermandeh əsgəri” adlandırır: “Aydındır ki, ğünün günorta çağı , iki tip Kalaşnikovla basqın edib, ardınca da şəhərin insanlar ən çox olduğu yerdə gizlənirsə, demək onu evakuasiya edib, gizlədən qrupu var. 2018-ci ildə Gəncə şəhər meydanında olduğu kimi şəhərin əsas küçəsində gizlənməsi özü də maraqlı məqamdır. Qatilin gizləndiyi küçə ilə İran səfirliyinin arasında çox az məsafə var, demək ki, onu ilk imkandaca səfirlikdə gizlətməyi planlaşdırırmışlar. Burda yerinə oturmayan məqam pulun oğurlanmasıdır”.
Jurnalist Cavid İsmayıl hesab edir ki, əslində baş verən cinayət dövlətə meydan oxumaq idi. Onun sözlərinə görə, günün günorta çağı insanların gur olduğu bir məkanda belə bir cinayəti törətmək üçün nə qədər özgüvənli və qudurğan olmalısan: “Bu hadisənin adi cinayət, yoxsa terror aktı olduğunu hüquq-mühafizə orqanları araşdıracaq. Hələlik isə ortada bir nəticə var – polis də, dövlət də bu sınaqdan üzüağ çıxdı”.
Sabiq MTN polkovniki İlham İsmayıl deyib ki, baş verən hadisənin terror hadisəsi olma ehtimalı azdır:
“Bu bəsit bir quldurluq hadisəsinə bənzəyir. Məqsəd isə sadəcə pul ələ keçirməkdir. Hadisəni törədən şəxsin əlində “Kalaşnikov” avtomatı olmasına gəldikdə isə deyə bilərəm ki, Azərbaycan Birinci və İkinci Qarabağ müharibələrini görmüş bir ölkədir. Həmin müharibələr zamanı döyüş meydanında çoxlu silahlar qalıb. Kimsə bu silahı götürüb bu və ya başqa formada özü ilə gətirə və ya daha sonraları qanunsuz şəkildə sata bilər. Yəni məsələ hadisəni törədən şəxsin “Kalaşnikov”u hardan əldə etməsidirsə, buna bir çox fərqli izah vermək olar.
Lakin bu o demək deyil ki, hadisə terror hadisəsidir. Misal üçün, İranda səfirliyimizə edilən silahlı hücum terror hadisəsi idi. Çünki bu hadisə birbaşa İran hakimiyyəti tərəfindən məqsədyönlü şəkildə təşkil edilmişdi. Lakin hipermarketə edilən hücum terror hadisəsi deyil. Hər iki hadisənin motivi fərqlidir. Bu, sadəcə qulduruluq hadisəsidir”.









