Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilir.
Bəzən elmin səsi o qədər “ucadan” çıxır ki, adam eşitmir…
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası da, görünür, tarixin ən “sakit” elmi hadisələrindən biri kimi yadda qalacaq. Zalda hökm sürən dərin sükut göstərir ki, ya mövzular fövqəladə dərəcədə mürəkkəbdir, ya da elmi diskussiya artıq meditasiya səviyyəsinə yüksəlib. Çünki bəzi iştirakçıların gözlərini yumaraq elmin dərinliklərinə qərq olması başqa cür izah edilə bilməz.
Deyəsən, bu dəfə “elmi pauza” anlayışı yeni mərhələyə qədəm qoyub. Kimisi başını əlinə söykəyib düşünür, kimisi isə düşüncənin daha rahat forması olan mürgünü seçir. Axı ağır elmi müzakirələr insanı yorar, xüsusən də əgər həmin müzakirələr kağız üzərində qalırsa.
Bəlkə də bu, bir az da mistik yanaşmadır: “Yuxuda gələn ideyalar” konsepsiyası… Kim bilir, bəlkə də növbəti böyük kəşf elə iclas zalında, yüngül xorultunun müşayiəti ilə doğulacaq.
Bu yerdə yadıma yazıçı Eyvaz Əlləzoğlunun “Yatan dinozavrlar” əsəri düşdü. Elmin zirvəsi onların göz qapaqlarında əks olunur, amma alimlərimiz dinozavr kimi kresloda donub qalır…
Dəniz Pənahova
Tribuna.az
























