Qorxaq və miskin adamlara sonda mövzu (P.S.S) vermişəm, cəsarətləri və ləyaqətləri varsa, həmin mövzuda yazılar yazsınlar.
Son vaxtlar sosial şəbəkələrdə yayılan paylaşımlar və səsləndirilən çıxışlar vasitəsilə belə bir fikir yaradılır ki, guya Azərbaycanın bütün problemlərinin kökündə məhz Məhərrəmlik, İmam Hüseyn(ə)-ə yas saxlamaq və Kərbəla ziyarəti dayanır. Belə çıxır ki, ölkənin inkişafına mane olan əsas amil məhz dini mərasimlərdir. Heç şübhəsiz ki, belə bir təsəvvürün formalaşması ölkənin ideoloji təhlükəsizliyinə, ədəbiyyatına, tarixinə və mili dəyərlərinə həqarət etməkdir.
Aşıq Ələsgər sizə araq içmək üçün lazımdır, bizə Allahı tanımaq üçün… Yaxud kim öz dədə-babasından uzaq düşüb?
Doğrudanmı İmam Hüseyni sevgi, ehtiram və göz yaşı ilə yad edən insanlar bu dövlət üçün təhlükədir? Maraqlıdır, dövlət atributlarına, milli maraqlara və Vətənə daha çox kim bağlıdır: dini mərasimlərində iştirak edənlər, yoxsa bu mərasimləri gerilik adlandırıb lağa qoyanlar? Müstəqillik dövründə məhərrəmlik ənənəsinin geniş yayılmasında mühüm rol oynamış ən əsas şəxslərdən biri, bəlkə də birincisi məhz mərhum Hacı Şahin Həsənli olub. İndi kim başını başını divara çırpıb və vicdanla iddia edə bilər ki, Hacı Şahin qədər dövlətinə bağlı olub? Kim deyə bilər ki, dövlət və cəmiyyət qarşısında onun xidmətlərinin heç olmasa, bir faizini göstərə bilib? İmam Hüseyn(ə) dəyərləri ilə yaşayan insanlar övladlarını hərbi xidmətə qurban kimi yola salırlar, başı yaylıqlı, ağzı örpəkli analar halva bişirib paylayırlar, onlar övladlarının şəhadətini bəribaşdan qəbul edirlər və 18 yaşlı övladlarını müqəddəs bir missiya üçün yola saldıqlarına inanırlar.
Bəs Məhərrəmliyi lağa qoyanlar necə edir? 5 litr araq, rəkkədə-çiko mahnıları, ardınca da məclisə aşıq daxil olur, Aşıq Ələsgərdən bir-iki beyt oxuyub saz fırladır. Məclis iştirakçıları da İmamları(ə) təhqir edirlər, “əsas odur ürəyin təmiz olsun” iniltisi ilə rumkanı qaldırıb Aşıq Əlsəgərə rəhmət oxuyurlar. Amma unudurlar ki, Aşıq Ələsgər şeirlərində özünün Əhli-beytə olan sevgisini ifadə etmək üçün “Şahi-Mərdanın nökəriyəm”, “İmam Hüseynin quluyam”, “Əhli-beytin dərgahının quluyam” ifadələrini işlədir.
İndi deyin görək, kim öz keçmişindən, öz ata-babasından, öz dədəsindən uzaq düşüb? Biz daha çox dədə-babamıza, dəyərlərimizə sadiqik, yoxsa siz?! Aşıq Ələsgər sizə araq içmək üçün lazımdır, bizə Allahı tanımaq üçün…
Görəsən, inəyi müqəddəs hesab edən Hindistan, taxtadan düzəldilən Buddaya dualar edən Çin niyə inkişafdan geri qalmır?
İmam Hüseyn(ə)-ə olan düşmənçiliklərini ifadə etmək üçün heç bir fikir tapa bilməyən mənəviyyatı yırtıq adamların bioloji iniltilərinin naşı mahiyyətinə diqqət edin: “”Ya Hüseyn yox, Ya Mübariz, ya Polad” çağırın!” Çağırırıq da! Amma iş ondadır ki, müqtədir şəhidimiz Mübariz İbrahimovun şəhadətindən öncə ailəsinə yazdığı məktub var, orada yazır axı: “Seyid nəvəsi olaraq vətən yolunda şəhid olmalıyam…”. “İnşallah cənnətdə görüşəcəyik” deyən Mübarizi tərifləyib, o cənnətin ağası hesab olunan İmam Hüseyn(ə)-lə döyüşürsünüz?!
Bir anlıq fərz edək ki, deyilənlər doğrudur. Tutaq ki, İmam Hüseyn(ə)-i yad etmək doğrudan da inkişafın qarşısını alır, cəmiyyəti geri salır və daha güclü, texnoloji dövlət qurmağa mane olur. O halda bunu dünyanın başqa ölkələrinin timsalında necə izah etmək olar?
Çində təxminən 300-400 milyon insan (ümumi əhalinin 20-30%-i) Buddaya inanır, heykəllər qarşısında dini ayinlər icra edir. Budda üçün yemək aparırlar. Buna baxmayaraq, Çin bu gün dünyanın ən böyük iqtisadi və texnoloji güclərindən biridir.
Hindistanda milyonlarla insan inəyi müqəddəs hesab edir və ona ehtiram göstərir. Amma bu, Hindistanın nüvə dövləti olmasına, kosmik proqramlar həyata keçirməsinə və qlobal güc mərkəzlərindən birinə çevrilməsinə mane olmayıb.
İsraildə insanlar Ağlama Divarı önündə dua edir, göz yaşı tökür, dualarını kağızlara yazıb divarın deşiklərinə soxurlar. Amma sizin təbirinizcə desək, İsrail dünyanı idarə edir.
İnkişafın və ya geriliyin səbəbini insanların dini etiqadında, ibadətində və ya matəm mərasimlərində axtarmaq ən yaxşı halda axmaqlıq, ən pis halda isə əxlaqsızlıqdır.
Dövləti inkişafa aparan amil ideoloji tamlıq, təhsil, elm, hüququn aliliyi, sağlam iqtisadi siyasət və texnologiyadır. Dünyanın bütün super gücləri öz tarixi-dini dəyərlərini müasir inkişafla əlaqələndirə biliblər, ona görə də bugünkü səviyyəyə gəlib çatıblar. Tez-tez Qərbi missal çəkirsiniz, Avropa ölkələrində İsa Peyğəmbərin çarmıxa çəkilmiş heykəlini küçələrdə daşıyıb ağlayan, tamaşalar quranlar kimlərdir? Araşdırın görün, bu adamların içərisində bircə nəfər də olsun savadsız adam varmı?!
İmam Hüseyn(ə) sizə mane olur? Gedin nüvənizi düzəldin, dünyanı işğal edin də! Nə durmusunuz, Yaponiya, Çin, ABŞ, Rusiya, Almaniya olun da!
Füzulini, Şah İsmayıl Xətayini çıxsaq, yerdə nə ədəbiyyat qalır, nə tarix qalır…
Bir müddətdir sosial şəbəkələrdə Məhəmməd Füzulini təhqir edən postlar paylaşılır, ona görə ki, o, Hüseyn(ə)-i sevib, öz vəsiyyəti əsasında məzarı da İmamın məzarının aşağı hissəsində salınıb. İndi Füzulini ədəbiyytımızdan çıxsaq, yerdə nə qalacaq? Özünün İmamın ayağı altında dəfn olunmasına xoşbəxtlik kimi baxan Füzulinin hesabına bu qədər böyük görünürük. İndi görün İmama sahiblənmək nə deməkdir. Demək olarmı ki, Füzulisiz Azərbaycan ədəbiyyatı çox böyükdür? Buna da səsiniz çıxsın da!
Şah ismayıl Xətayini alçaldan, onu düşmən kimi qələmə verən verilişlər çəkilir. Niyə səsiniz çıxmır? Di gəlin, indi tariximizdən Şah İsmayıl Xətayini da çıxaq. Yerdə loppaq qalır? Deyin də! Yüz illərdir Şah İsmayılın türk yox, başqa millətdən olduğunu iddia edən xarici alimlər, elmi mərkəzlər var. Siz kimin əlinə oynayırsınız?
Seyid Əzim Şirvanini, Abbasqulu Ağa Bakıxanovu da məhz buna görə təhqir edirlər. Ki, onlar Peyğəmbər ailəsini sevib onlara əsərlər həsr ediblər. Niyə diliniz çıxmır?
M.Ə.Rəsulzadə özünün “Aşura” məqaləsində Kərbəla faciəsini “Milli dirilik” məsələsi kimi təklif etmişdi. Rəsulzadəni də söyün də! Amma buna ehtiyac yoxdur. Onsuz da bir sürü vəhhabi “alim” sosial şəbəkələrdə onu da daşlayırlar. Nədir-nədir, o, dindəki mövhumatı tənqid etsə də, Peyğəmbər ailəsinin şəhadətinə “milli məsələ” kimi baxıb. Sizin davanız başqadır axı… İslamı, dinin nəhəng şəxsiyyətlərini təhqir edənlər anlamırlar ki, üçrəngli bayrağımızdakı rənglərdən biri məhz Dinimizi özündə ehtiva edir. Siz hara gedirsiniz?
Dünən mənə bir video atıblar, hansısa fiktivni partiyanın tanımadığım baş üzvlərindən biri Üzeyir Hacıbəyovu müzakirəyə çıxarıb ki, o, Məhərrəmlikdən, dini motivlərdən təsirlənməyib. Axı Üzeyir bəy “Çürükfikirlilər qəzetəçilərin…” müraciəti ilə Məhərrəm ayında təziyə saxlamağa qarşı olmadığını, Peyğəmbər övladının xatirəsinin hörmətlə və nizamla yad edilməsini və bunun bir çox hallarda xalqın tərbiyəsinə xidmət etdiyini bildirib. O, dini “növhə”ləri Azərbaycanda peşəkar vokal ifaçılığının ibtidai forması hesab edirdi; dindarların mərsiyyə oxuyarkən şüuraltı olaraq muğam qaydalarına əməl etdiklərini və bu janrın xalq yaddaşında saf qalmasına kömək etdiyini bildirirdi; “Şəbih” tamaşalarındakı kollektiv zümzümələri və sinəvurmaları Azərbaycanda polifonik xor musiqisinin ilkin rüşeymləri kimi dəyərləndirirdi. Bunu qanmaq o qədər çətindir?
Fındıqbaş siyasətçilər, xəstəsiniz siz? Necə olur ki, Üzeyir bəy “Leyli və Məcnun” operasını Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazır, amma Füzulinin dini-fəlsəfi poetik ruhundan uzaq düşür? Məhəmməd Füzuli yaradıcılığında İmam Hüseyn(ə)-ə və Kərbəla hadisələrinə həsr olunmuş “Hədiqətüs-süəda” əsəri Azərbaycan mərsiyyə ədəbiyyatının əsas bədii mənbəyi hesab olunur. Üzeyir bəy mərsiyyələrdəki hüzünlü və ritmik quruluşu dramatik səhnə əsərləri üçün təsadüfən ən təbii ifadə vasitəsi sayırdı? Necə olur ki, ən böyük Hüseyn aşiqinin – Füzulinin əsərinə opera yazasan və onun motivlərindən kənarda qalasan? Bu nə sərsəm iddialardır?!
P.S. Məsələ budur ki, ölkədə bir qrup “siyasətçi”, “jurnalist”, “politoloq” qorxaqdır, cəsarətləri yoxdur, ölkədə o qədər problemlər var ki, yazmağa cəsarətləri çatmır. İmam Hüseyn(ə)-dən yazmaq, Məhərrəmliyi lağa qoymaq isə həmişə ən təhlükəsiz mövzu olub. Risk yoxdur! Üstəgəl, indi elə bir dövr gəlib ki, çox adam İmam Hüseyn(ə)-i təhqir etməklə, Məhərəmliyi alçaltmağa cəhd etməklə karyera qazanacaqlarına inanırlar. Hər kəs öz genetikasının, dədə-babasının acığını çıxır. Ağırdır, amma situasiya budur.
Amma bu qorxaq və miskin adamlara mövzu verirəm, cəsarətiniz varsa, işləyin.
P.S.S. Bir vaxtlar cəzaçəkmə müəssisələrində əsas söz sahibi kriminal aləmin nümayəndələri idi. “Vlas”, “obşak”, “avtoritet” kimi anlayışlar həbsxana həyatını müəyyənləşdirirdi. Son illərdə isə vəziyyətin dəyişdiyini müşahidə edirik. Artıq bir çox cəzaçəkmə müəssisələrində qeyri-rəsmi nüfuzun radikal dini qrupların əlinə keçdiyini görürük. Hətta bəzi iddialara görə, kriminal avtoritetlər belə onların qarşısında əvvəlki təsir gücünə malik deyillər. Halbuki, məqsədimiz kriminal aləmi başqa bir qeyri-rəsmi qüvvə ilə əvəz etmək deyildi. Məqsəd cəzaçəkmə müəssisələrində yalnız qanunun işləməsi idi. Məhbus islah olunmalı, peşə öyrənməli, əməyə cəlb edilməli və cəmiyyətə normal vətəndaş kimi qayıtmalıdır. Həbsxanada söz sahibi nə kriminal aləm, nə də hər hansı radikal qrup olmalıdır. Əgər doğrudan da yaranan boşluğu radikal dini qruplar doldurursa, bu, ciddi siqnaldır. Çünki həbsxanalar cəza çəkilən yer olmaqla yanaşı, həm də insanların yenidən cəmiyyətə hazırlandığı müəssisələrdir. Orada radikal təsirin güclənməsi gələcəkdə təhlükəsizlik baxımından da risk yarada bilər.
Tam milli məsələdir, ləyaqətiniz varsa, bu mövzunu genişləndirin, işləyin! Amma inanmıram. Çünki hər kəs öz yumşaq dal əzalarını qorumaqla məşğuldur. İslamı təhqir etmək isə bu əzaların uzun müddət stula rahat basmasını təmin edən əsas faktora çevrilib. Faktorunuza qurban olasınız…
Hər nə qədər acı olsa da, reallıq budur, bizim işimiz 200 il əvvəlki maarifçi babalarımızın işindən daha çətindir, onlar savadsız kütlə ilə mübarizə aparırdılar, biz isə ali təhsilli miskin, qanmaz yaramazlarla…
Müəllif: Samir Feyruzov









