Ermənilər işğalın ilk illərində Azıx mağarasından silah anbarı kimi istifadə ediblər.
Tribuna.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026″nın (BCAW 2026) dördüncü günündə deyib.
O, sonrakı illərdə xarici şəxslərin də iştirakı ilə qanunsuz qazıntı işləri aparıldığını və Azıx mağarasından tapılan çoxsaylı nümunələrin ərazidən çıxarıldığını söyləyib:
“Azərbaycan işğalın nəticələrinin öyrənilməsi və belə bir vəziyyətdə hansı addımların atılmalı olduğu baxımından ən uyğun nümunədir. Çünki prosesin içində olduğunuz zaman təzyiq altında qalırsınız, abidələrinizi görə, doğma torpaqlarınızla bir arada ola bilmirsiniz”.
Xidmət rəisi bildirib ki, tarix boyu mədəni irs çox vaxt münaqişə və fəlakətlərin ilk qurbanlarından biri olub:
“Münaqişələr abidələrin dağıdılmasına, mədəni sərvətlərin talan edilməsinə, qanunsuz şəkildə ərazidən çıxarılmasına və xaricə daşınmasına səbəb olmaqla yanaşı, ənənələri də pozur, icmaları zəiflədir, insanları öz tarixi və bir-biri ilə bağlayan mədəni kimliyi və yaddaşı təhlükə altına salır”.









