ABŞ prezidenti Co Bayden fevralın 20-də axşam Varşavaya gələcək və Polşa xalqı qarşısında çıxış edəcək.
Tribuna.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Polşadakı səfiri Mark Bjezinski bildirib. Onun sözlərinə görə, Baydenin çıxış edəcəyi yer Rusiyanın Ukraynada hərbi xüsusi əməliyyatının başlamasının ildönümü ərəfəsində simvolik əhəmiyyət kəsb edir.
“Tədbir Kral Qalasının bağlarında yerləşən Kubitski arkadalarında baş tutacaq. Bura İkinci Dünya Müharibəsi zamanı dağıdıldı. Küllərindən yenidən qurmağın simvolizmi bizim Ukrayna ilə bağlı görəcəyimiz işlərlə bağlı böyük əhəmiyyət kəsb edir”, – Bjezinski bildirib.
ABŞ səfirinin qeyd etdiyi kimi, Baydenin Polşaya səfəri tarixi hadisə olacaq, çünki hələ heç bir Amerika lideri ildə iki dəfə Varşavaya gəlməyib. O, həmçinin əlavə edib ki, Ağ Ev rəhbərinin Polşa ərazisində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəyini və onun Kiyevə mümkün səfərini gözləmir.
Bundan əvvəl mediada Zelenskinin ABŞ prezidentinin səfəri zamanı Polşada Baydenlə görüşə biləcəyi barədə məlumat yayılıb.









