Rusiyalı sülhməramlılarla bağlı indidn bir söz demək çətindir, qarşıda hələ iki il var. Ancaq əminəm ki, vaxtı gələndə sülhməramlılarla bağlı lazımi qərar veriləcək.
Bu sözləri Tribuna.az-a millət vəkili Vüqar İskəndərov rusiyalı sülhməramlıarla bağlı danışarkən deyib. Deputat bildirib ki, sülhməramlıar gəldikləri gündən Qarabağdakı erməniləri himayə etməklə məşğuldurlar:
“Rusiyalı sülhməramlıların mandat müddəti 2025-ci ildə sona çatır. Hər iki tərəfin razılığı ilə bu uzadıla bilər. Azərbaycan tərəfi bunu istəmirsə, sülhməramlılar missiyasını bitirib getməlidir. Bu müddət ərzində sülhməramlıların işi ilə bağlı bizi qane edən məqamlar da oldu, narazı salan hallar da.
Ancaq təbii ki, narazı salan məqamlar daha çoxdur. Çünki onlar öz missiyalarından kənar çox iş görürülər. Humanitar yardım edirlər, mədəniyyət mərkəzi açırlar, heykəl açılışnda iştirak edirlər, evlərə ərzaq paylayır, su daşıyır, toy edirlər. Bunlar heç biri sülhməramlıların işinə daxil deyil.
Orada sülhməramlılardan gizlin bir quş da uça bilməz. Ancaq onlar özləri elə şeylərə şərait yaradırlar ki, insan dəhşətə gəlir. Bütün Azərbaycan bilir ki, Qarabağdakı ermənilərə silahı kimlər daşıyır, onlar üçün nəfəsliyi kimlər açır.
Bir aydan çoxdur Şuşa-Xankəndi yolunda gənclərimiz aksiya edir. Niyə sülhməramlılar Qarabağdakı ermənilərə verdikləri dəstəkdən bizim gənclərə vermir. Demək ki, onlar sülhməramlı deyil. Onlar orada bizi yox, Qarabağdakı erməniləri qorumaq, Ermənistandan Xankəndinə və ya əksinə gedənləri qorumaq üçün dayanıblar. Bütün bunlar rusiyalı sülhməramlıara olan inamı azaldıb, cəmiyyətdə hiddət doğurur.
Bu narazılıq təkcə cəmiyyətdə deyil. Prezident də dəfələrlə çıxışlarında sülhməramlıların işindəki nöqsanlardan danışıb. 2025-ci illə bağlı indidən bir söz demək çətindir, qarşıda hələ iki il var. Ancaq əminəm ki, sülhməramlılarla bağlı lazımi qərar veriləcək”.









