Son günlər Şamaxı rayonunda və ətraf ərazilərdə vətəndaşların hiss edə biləcəyi intensivlikdə baş verən zəlzələlərin sayı artıb. Qısa zaman kəsiyində qeydə alınan ardıcıl yeraltı təkanlar əhali arasında narahatlıq yaradıb. Xüsusilə gecə saatlarında hiss olunan zəif və orta güclü zəlzələlər bölgənin seysmik aktivliyi ilə bağlı sualları yenidən gündəmə gətirib.
Mövcud vəziyyətin səbəblərini və mümkün riskləri öyrənmək üçün ekoloq Ənvər Əliyev Tribuna.az-a açıqlama verib.
Ekoloqun sözlərinə görə, bizim yerləşdiyimiz region Yer kürəsinin üç ən böyük seysmik qurşaqların biridir ki, buna Alp-Himalay qırışıqlığı deyirik. Bu ərazilərdə zəlzələlərin davamlı olması regionun xarakterindən irəli gəlir. Orada bu mütləq olmalıdır. Yəni, Yer kürəsinin nəhəng bir ölçülü hissələri (litosfer tavaları) hərəkətdədir. Və o hərəkətdə olduğu zaman onlar mütləq qarşılaşırlar. Həmin bu qarşılaşma Afrika və Ərəbistan litosfer tavalarının toqquşması həmin biz dayandığımız Avrasiya materikinin litosfer tavası ilə toqquşması nəticəsində alınan bir ərazidir. Bu ərazi Fransanın şimalından İndoneziyaya qədər gedir. Toqquşan tavalar bir-birini sıxacaq. Nəticədə, dağların əmələ gəlməsi, zəlzələlər və digər seysmik hadisələr mütləq olmalıdır. Bu, Yerin xarakteridir.
Ekoloq əlavə edib ki, Bakı-Abşeron yarımadası və Azərbaycan ərazisi ildə ən azı 2-3 sm yuxarı doğru qalxırıq. 3.8, 4 maqnitudalı zəlzələlər olur, bəli. Buna zəlzələdən çox titrəyişlər deyirik. Azərbaycan ərazisində belə titrəmələr ildə minlərlə olur. Bəziləri hiss olunsa da, bəzən hiss olunmur. Məsələn, Ağsuda olan zəlzələdən 10 adamdan 9-nun xəbəri olmayıb. Sovet dönəmində 3.8 və 4 maqnitudalı zəlzələləri demirdilər ki, insanlar narahat olmasın. Bizdə indi zəlzələ deyəndə Türkiyə yada düşür. Əslinə baxanda bunları demək o qədər də düzgün deyil.
Ənvər Əliyev iki variantdan bəhs edərək deyib:
“Bu bir-birini sıxan titrəyişlər yeraltı enerji və bu enerjilər 2-3, 4-5 sm hərəkətdir. Onlar cəmlənir-cəmlənir 5 ildən bir görürsən ki, nəhəng qüvvəyə çevrilirlər. Toplanan enerjilər əgər hissə-hissə, 4-5 maqnitudalı çıxırsa, bu, böyük zəlzələnin öncədən girişidir. Yerin yavaş-yavaş enerjisi çıxır və nəticədə böyük zəlzələlər olmur.
İkinci variantda isə bu hal çox güclü zəlzələdən sonra da olur. Kiçik maqnitudalı zəlzələlər ola bilər ki, nəhəng bir zəlzələnin qoruyucusudur. Yavaş-yavaş enerjini özünə sərf edir. Yaxud da elə ola bilər ki, nisbətən daha, böyük bir maqnitudalı zəlzələ olsun. Ona görə də bunların olmağının bir yandan da xeyri və ziyanı ola bilər.”
Mütəxəssis qeyd edib ki, bu barədə heç kim öncədən heç nə deyə bilməz. Zəlzələlərin nə lokal məkanı, nə də vaxtı öncədən bilinmir. Hələlik elm bu barədə zəif, aciz və çarəsizdir. Burada yeganə yol bizim tikinti texnologiyalarımız üzərində müasir tələblərə uyğun iş aparılmasıdır. İstər kənd, istərsə də şəhər mühitində hər bir tikintidə bu məsuliyyət hiss edilməlidir. Şamaxı tarixən regionda ən çox zəlzələlərin olduğu bir yerdir. Bu fay Şəkidən təxminən şərqə doğru Şamaxıya qədər gəlib çıxır. Bu 9 ballıq zəlzələ xəttidir. Burada 1292-ci ildən bəri 1902-ci ilə qədər 4 məşhur zəlzələ olub. Təkcə 1667-ci ilin zəlzələsi Amerika Seysmoloji Xidmət tərəfindən qeydə alınıb. Orada 60 min, bəlkə də daha çox adamın tələfatı olub. Burada əsas səbəb zəlzələnin gücüdür. Həm də tikinti texnologiyasının zəif olması səbəbi də var. O vaxt sement də yox idi. Qorxulu bir tendensiya idi. Mən istərdim ki, belə məsələlərdə Azərbaycan hökuməti (hər bir regionun seysmik xəritəsi verilib onlara) bu xəritələrə müvafiq olaraq bütün növ binaların tikilməsi nəzərə alınsın. Özünə güvənən hər hansı bir təbiət aliminin zəlzələni qabaqcadan deməsi mümkün deyil. Bu ancaq falçılara məxsusdur.
Dəniz Pənahova










