“Sumqayıt” klubu AFFA İntizam Komitəsinin qərarının dəyişəcəyini düşünmür və onlara qarşı qərəz olduğunu əsas gətirərək Apellyasiya Arbitraj Tribunalına müraciət etməyəcək.
Bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat katibi Zaur Xudiyev açıqlama verib.
O, apellyasiya şikayəti vermək fikirlərinin olmadığını söyləyib:
“Çünki bundan əvvəl də dəfələrlə İntizam Komitəsinin qərarlarından apelyasiya şikayəti vermişik. Hətta onlar sonuncu dəfə bizə açıq-aşkar bildirdilər ki, sizin şikayətinizə baxmaq, toplaşmaq üçün vaxtımız yoxdur. Saşa İliçə “Şamaxı” ilə matçda yaşananlara görə 4 oyunluq cəza verilmişdi. Həmin vaxt bizə belə cavab vermişdilər. Bu səbəbdən düşünürük ki, apellyasiya şikayəti verməyin heç bir mənası yoxdur. Onsuz da İntizam Komitəsi bizə qarşı daim qəzərli davranıb. Biz də bunu belə qəbullanmışıq”.
Xatırladaq ki, AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXX turunda “Kəpəz”lə oyunda yaşananlara görə “Sumqayıt”ı 10 min manat cərimələyib. “Kimyaçılar” klub prezidenti Riad Rəfiyev matçdan sonra hakimlər otağına daxil olduğu üçün 5000, baş məşqçi Saşa İliç sözügedən qarşılaşmada birbaşa qırmızı vərəqə aldığına görə eyni məbləğdə ziyana düşüb.









