Ukrayna prezidenti Vladimir Zelenski Türkiyənin vasitəçilik cəhdləri ilə Rusiyaya göndərilən ukraynalı siyasətçi Viktor Medvedçukun da olduğu 4 rusiyayönlü siyasətçini vətəndaşlıqdan məhrum edib.
Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra rusiyayönlü ukraynalı siyasətçi Viktor Medvedçuk ötən ilin aprelində vətənə xəyanət ittihamı ilə Ukrayna kəşfiyyatı tərəfindən saxlanılıb. Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Medvedçuk ötən ilin sentyabrında Türkiyənin Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsinə vasitəçilik etməsindən sonra Rusiyaya göndərilib. Vladimir Putinin Medvedçukun qızlarından biri olan Dariyanın xaç atası olduğu deyilir.
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyayönlü müxalifət siyasətçiləri Andrey Derkaç, Taras Kozak, Renat Kuzmin və Viktor Medvedçukun vətəndaşlıqdan məhrum edildiyini açıqlayıb. Bu istiqamətdə fərman imzalayan Zelenski açıqlamasında “Ukrayna Təhlükəsizlik Xidməti və Dövlət Miqrasiya Xidmətinin hazırladığı materiallar əsasında 4 nəfərin vətəndaşlıqdan çıxarılması qərarını təsdiqlədim. Bunlar Andrey Derkaç, Taras Kozak, Renat Kuzmin və Viktor Medvedçuk.Xalqın seçdiyi insanlar Ukrayna xalqı üçün deyil, Ukraynaya gələn qatillərə xidmət edərsə, o zaman qərarlarımız yerinə yetiriləcək. Bu, son qərar veriləcək”, – deyə o bildirib.









