Anaların ən böyük qorxusu həm də övladının soyuqlamış, öskürən, səpkisi olan digər uşaqla təmasda olmasıdır. Bütün analarda o fikir yaranır ki, uşağın yanında yuxarıda sadaladığımız əlamətləri daşıyan uşaq varsa, onun övladı da mütləq yoluxacaq. Bir çox hallarda elə bu səbəbdən məktəb və bağçalara xəstəliklərin müəyyən əlamətlərini daşıyanların gəlməməsi məsləhət görülür. Ancaq hər xəstəliyin yoluxdurma və yayılma dövrü fərqli və müxtəlifdir.
Tribuna.az-a danışan pediatr Günay Rəsulova bildirib ki, hər səpki, hə öskürək təhlükəli, yoluxucu deyil. Burada önəmli olan onun nə vaxt başlamasıdır:
“Su çiçəyi xəstəliyində səpkidən 5 gün öncə və uşaq səpdikdən sonra 6 gün yoluxucudur.
Qızılca isə prodromal simptomların başlanğıcından (uşaqda qızdırma, burun axma, öskürək, konyuktivit-gözdə qızartı ) səpənə qədər yoluxucudur. Səpəndən sonra qorxulu heç bir şey yoxdur. Çünki youlxma dövrü bitib.
Epidemik parotit (svinka kimi məşhurdur) tüpürcək vəzi şişməsindən 3 gün əvvəl və şişdikdən 7 gün sonra yoluxucudur
Məxmərək səpki başlanğıcından 7 gün öncə və uşaq səpdikdən sonrakı 4 gün yoluxucudur.
Skarlatina səpki başlanğıcından sonrakı 10-20 gün yoluxucudur.
Göy öskürək boğucu öskürək simptomları başlamazdan 7 gün öncə və sonrakı 3 həftə yoluxucudur”.










