Dişlərin bir birinə sürtülməsinə, sıxılmasına bruksizm deyilir. Təbabət buna təsir edən bir sıra faktorları qeyd etsə də, əfsuslar olsun ki, bu problemin birbaşa səbəbi hələ də məlum deyil.
Bu sözləri Tribuna.az-a pediatr Altay Abdullaoğlu açıqlaması zamanı deyib. O bildirib ki, diş qıcamaya əsas səbəb kimi müxtəlif qurd xəstəliklərinin səbəb olduğu deyilsə də, bu tamamilə yanlışdır:
“Diş qıcamaya səbəb stomatoloji problemlərdə də ola bilir. Çürük diş, damaq problemləri zamanı və bəzən də uşaqların diş çıxarma dövründə başlayır.
Stressli mühitdə böyüyən, məsələn, məktəbdə uğursuzluğu olan, valideynləri tez-tez mübahisə edən uşaqlarda da diş qıcama halları olur. Diqqət əskikliyi olan və hiperaktiv uşaqlarda da bu halı müşahidə etmək mümkündür. Bu uşaqlar hislərini və emosiyalarını daha çox bu şəkildə büruzə verə bilirlər.
Qulaq ağrısı, qulaq yolunun iltihabı da diş qıcamaya səbəbdir”.
Pediatr bildirib ki, əgər qıcırdatma ilə bərabər, ağızdan su axması, ağız ətrafında qaşınma, qarın ağrısı, iştahsızlıq da varsa, bu zaman qurddan şübhələnmək olar:
“Valideynlərin bilməli olduğu ən mühim məqam isə budur ki, bruksizimin xüsusi bir müalicəsi yoxdur. Bu müalicə, sadəcə bu faktorların aradan qaldırılmasına yönəlmişdir. Bu hal uzunmüddətli davam edərsə, stomatoloqun və pediatırın baxışı məsləhətdir. Çünki bu vəziyyət uzun müddət davam etdikdə dişlərdə yeyilmələr, çeynəmə əzələlərində ağrılara səbəb ola bilər”.
Nigar
Tribuna.az










