Son zamanlar öskürəklə müşahidə olunan xəstəliklər artmaqdadır. Bu, orqanizmin özünü qoruma mexanizmidir. Öskürək başlayan kimi onun əleyhinə dərhal dərmanlar vermək doğru deyil. Xüsusilə də azyaşlı körpələrə öskürək əleyhinə dərmanların verilməsi tövsiyə olunmur.
Trubunainfo.az xəbər verir ki, bu barədə danışan pediatr Altay Abdullaoğlunun sözlərinə görə, öskürəklə biz tənəffüs yollarımızı təmizləyirik. Ona görə öskürəyi mütləq olaraq pis deyə dəyərləndirə bilmərik.
Həkim bildirib ki, xüsusilə uşaqlara öskürək dərmanı verməzdən əvvəl onun niyə öskürdüyünü araşdırmalıyıq:
“Öskürək sinuzitlə, boğaz iltirhabı, qırtlaq, traxiya, bronx və yaxud ağciyər xəstəlikləri, viruslar, göy öskürək, xüsusi atipik mikroblar, bakterial infeksiyaları ilə əlaqədər ola bilər. Ona görə dönə-dönə vurğulayırıq ki, səbəb araşdırılmalı və səbəbə görə də dərman təyin olunmalıdır. Müalicə səbəbə yönəlik aparılmalıdır. Bəzi xəstəliklər müalicə olunmur. Məsələn, göy öskürək xəstəliyi uşaqlarda uzun müddət davam edən fasiləsiz öskürəyə səbəb olur. Bu xəstəliyin köklü müalicəsi yoxdur. Ona qarşı yazılan dərmanlar ancaq sikayətləri bir az azalda bilər. Virus infeksiyalarda da belə ola bilər. Bəzən 1 ay davam edən öskürək halı olur. Bu zaman həkimin edəcəyi heç bir iş olmur. Sadəcə olaraq gözləmək lazım gəlir. Amma mikrob və bakteriyalar zamanı antibiotiklərin təyini ilə bunun öhdəsindən gəlmək olur.
Nəticə olaraq deyə bilərik ki, bir az öskürək normaldır, bir həddə kimi öskürək bizim üçün faydalıdı, bizi qoruyur. Öskürək siroplarının hər zaman və həmin an verilməsi dogru deyil, xüsusilə azyaşlı körpələrə tövsiyə olunmur. Öskürək siropları həmişə öskürəyin qarşısını ala bilmir, çünki bəzi xəstəliklərdə nə etsək də, öskürək müəyyən vaxta qədər davam edəcək. Öskürəyi deyil, səbəbi tapmaq və mümkünsə onu müalicə etmək lazımdır”.
Nigar
Trubunainfo.az










