Tribuna.az dosent İlham Əhmədovun təhsillə bağlı yazısını təqdim edir:
“Bu gün dünyada gedən transformasiya prosesləri müəllim hazırlığına yeni tələblər qoyur. Bu gün müasir müəllim hazırlığı üçün, elmi əsaslarla mükəmməl tədris-metodik baza yaradılmalıdır. Bu tədris-metodik baza müəllim hazırlığının yeni modelini yaratmalıdır. Bu model həm də müəllim hazırlığının sistemli arxitekturası olmalıdır. Bu modeldə məqsəd “fənni bilən müəllim” yox, süni intellekt dövründə şagirdlərə düşünməyi öyrədən peşəkar pedaqoq yetişdirməkdir.
Yeni formatlı müəllim hazırlığı proqramlarına “hansı fənnlər, hansı məzmunda, hansı həcmdə, hansı ardıcıllıqla və niyə daxil edilməlidir?” kimi suallara sübut əsaslı tədqiqatlarla cavab verilməlidir. Bir il əvvəl “Magistratura, MBA və bakalavr proqramlarımız niyə keyfiyyətsizdir? ” adlı məqalə yazmışdıq. Bu mövzuya təkrar qayıtmağa ehtiyac yarandı. Çünki, bu ərəfədə BDU-da təcrübəli təhsil məmurunun maraqlı bir təddimatı olmuşdu: “Finlyandiya və Azərbaycan universitetlərində riyaziyyat müəllimi hazırlığının müqayisəli təhlili” mövzusunda. Təqdimatdan bəlli oldu ki Finlandiyada bu məsələ çox keyfiyyətli, bizdə isə çox keyfiyyətsiz təşkil edilib.
Bizdə riyaziyyat elmi son 100 ildə xeyli ikişaf edib (xüsusən də 20-ci əsrdə), bu sahədə Finlandiyadan irəlidəyik. Hətta bu gün, elmimizin ümumi tənəzzülü fonunda da, bizim riyaziyyatçılar fərdi qaydada Finlandiyalı həmkarlarından güclüdürlər. Amma bu potensialdan istifadə edib, keyfiyyətli riyaziyyat müəllimləri hazırlaya bilmirik. Bu potensial isə ilbəil azalır. Ola bilər ki, 15- 20 ildən sonra, bizdə riyaziyyat məktəbi daha olmasın. …
BDU-dakı tədbir haqqında da ayrıca məqaləmiz olmuşdu: “Sonrakı peşmançılıq fayda verməz.”
Bəs niyə biz keyfiyyətli riyaziyyat müəllimi hazırlaya bilmirik? (əslində digər ixtisaslar da elə bu durumdadır).
Bunun çox səbəbləri var. Bir səbəbi də budur ki, təhsilin məzmununu düzgün tərtib edə bilmirik, müəllim hazırlığı proqramları hazırlaya bilmirik.
TN və ETN 30 ildir öz işinin öhdəsindən lazımi səviyyədə gələ bilmir, 22 idir neft kapitalını hələ də insan kapitalına çevirə bilmir. Bunun səbəbini həmən məqalədə izah etmişdik.
Bir il ərzində saytdakı bu məqaləni 32 min nəfər oxuyub. Görəsən, bu məqaləni ETN menecerləri oxuyubmu? Məqalə onlara xitabən yazılıb. Nəzərə alınıb ki, ETN-də “zərgər dəqiqliyi ilə” toplanmış “komanda”- özəl kurs menecerlərinin, şəkərsatan, şərabsatan v.s. menecerlərin təhsil elmləri üzrə müvafiq təhsili və pedaoji təcrübəsi yoxdur, heç olmasa gündəlik yazılan belə məqalələrlə onların peşəkarlığının artırılmasına nail olaq.
İllər ərzində TN və ETN-ə yönəli belə xeyriyyəçilik fəaliyyətimizi menecerlər dəyərləndirmək əvəzinə, heç nə öyrənmirlər (sanki, səriştəsizlikdən zövq alırlar).
Bəlkə oxuduqları mətni yaxşı anlamırlar?
Əslində sertifikasiya olunmalı ilk növbədə elə menecerlərin özləridir.
Təəssüf ki, ETN ölkədə gedən təhsil diskussiyalarından, intellektual müzakirələrdən çox uzaqdır. Sanki, təhsilə dair bu müzakirələr və məqalələr onlara yox, KTN-ə, FHN-ə aiddir. ETN menecerləri elm və təhsil sisteminin dövlət üçün strateji əhəmiyyətini, öz məsuliyyətlərini düzgün dərk etməli, işlərinə ciddi yanaşmalı, müzakirələrə fəal qoşulmalıdırlar. Həqiqət belə üzə çıxa bilər, inkişaf bu yolla mümkündür.
Bu proseslərdən menecerlərin kənar durmasının səbəbi aydındır: səriştə zəifliyi və bundan yaranan cəzarətsizlik. Menecerlər, hətta TV-lərin təşkil etdikləri teledebatlara belə qoşulmaqdan imtina edirlər.
Amma 13 il bu sahəyə menecerlik edən komanda artıq nələrisə öyrənməli idi. Gec də olsa, bu müzakirələrə qoşulub, nəhayət ki, bu sahəni öyrənməlidirlər. Alimlərdən 15 dəfə artıq aldıqları maaşı doğrultmaq üçün, mütəxəssislərin illərlə mətbuatda (qonararsız və qrantsız, qrantların öz “sahib”ləri var) yazdıqları məqalələri oxuyub öyrənməlidirlər.
Ölkənin maliyyə sıxıntısı yaşadığı, vətəndaşlardan toplanan vergi və cərimələrin artdığı bir şəraitdə, büdcə hesabına menecerlərin maaşlarının 5 qat artması, onların xalq və dövlət qarşısında məsuliyyətini 10 qat artırmalıdır.
Daha əvvəlki illərdə olduğu kmi, selfi çəkdirməklə təhsili “idarəetmək”, “islahat aparmaq” mümkün deyil. İndi təhsil menecerlərinin fəaliyyətinə ictimai nəzarət də 5 qat artacaq. Gərək menecerlər də bu 5 qat maaş artımına layiq olduqlarını xalqa və dövlətə nəhayət ki, sübut etsinlər. Nəhayət ki, ölkə rəhbərliyinin “neft kapitalını hələ də insan kapitalına çevirmək” tapşırığını yerinə yetirsinlər.
Bir il əvvəl “Magistratura, MBA və bakalavr proqramlarımız niyə keyfiyyətsizdir? Adlı məqalənin əsas məqamlarını təkrar təqdim edirik:
“Biz bu məsələni ilk dəfə 20 il əvvəl qaldırmışdıq. O vaxt TQDK -da bu problemi hərdən qabardırdı.
Bizdə magistratura təhsili niyə keyfiyyətsizdir?
Deyə bilərsiniz ki, guya bakalavr təhsili keyfiyyətlidir? Təbii ki, yox, hər ikisi keyfiyyətsizdir, çünki, hər ikisi eyni texnologiya ilə hazırlanıb: ictimai əsaslarla elmi layihəni “yola vermək”. İndi belə bir durumda həm də MBA proqramları yaradırıq, 28 ildir, heç bir nəticəsi də yoxdur.
Əvvəldən məlum idi ki, magistratura proqramlarını necə “yaratdıq”sa, MBA-nı da elə yaradacağıq. Deməli keyfiyyət də eyni cür olacaq. Mənfi proqnozlar yenə də özünü doğrultdu.
Bunun səbəbləri çoxdur. Bir mühüm səbəbi diqqətə yetirmək istəyirəm.
Magistratura təhsilinə 28 il əvvəl, heç bir tədris-metodik və kadr hazırlığı olmadan başladılar, elə indi də eləcə davam edirlər.
ETN hələ də bilmir ki, bu tip iri layihələr və proseslər böyük meqalayihə kimi ciddi planlaşmalı və maliyyələşməlidir. Bu lahiyəyə əvvəldən ciddi hazırlıq işləri aparılmalıdır.
Bu kapitaltutumlu meqalayihəni heç vaxt, heç kim, heç bir ölkədə pulsuz etməyib, edə də bilməzdi, çünki, anlayırlar ki, bunun nəticəsi ola bilməz.Bu təhsil adı ilə magistrlərin vaxtını və pulunu boşuna sərf etməkdən başqa bir iş deyil (belə yanaşma yalnız bizdə mümkün idi).
Bu səbəbdən bir çox ixtisaslar üzrə magistrlərin tədris planları qüsurlu, tədris materialları bakalavrların tədris materiallarının surəti, dərsləri isə həmın mövzuların təkrarı idi.
RF- da 25 il əvvəl bir əyalət universiteti magistraturanın cəmi 1 ixtisasını açmaq, bu məqsədlə tədris metodik bazanı hazırlamaq üçün 1 ildə 1,5 millyon $ investisiya qoymuşdu. Avropa universitetlətində isə bunun 10 misli qədər investisiya qoyulur.
Bizdə yalnız ADA 15 il əvvəl belə ciddi hazırlıq işləri edərək magistratura açıb (onlar da TN tabe deyil).
İndi də eyni səhvləri MBA proqramlarının hazırlanmasında edirik. Məqsəd nədir? Təhsil vermək yoxsa diplom paylamaq?
ETN bəs nə fikirləşir?
Bəlkə indi də magistratura məzunlarının sertifikasiyasına başlayaq? Əsas iş görüntüsü yaratmaqdır, sertifikasiya da buna yaxşı imkan verir. İnvestisiyasız təhsildən başqa nəticə gözlımək olmazdı.
Təhsilin inkişafı üçün dövlətin ayırdığı büdcə bəs niyə belə mürəkkəb məsələlərin həllinə yönəlmir? Onda bu büdcə hara yönəlir görəsən?”









