Hantavirus o ölkəyə də çatdı

Hantavirus o ölkəyə də çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyada hantavirus şübhəsi ilə bağlı yeni hadisə qeydə alınıb.

Tribuna.az xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 32 yaşlı qadın infeksiya ehtimalı səbəbindən Alikante şəhərində xəstəxanaya yerləşdirilib.

Qeyd edilib ki, qadın Atlantik okeanında üzən “MV Hondius” kruiz gəmisində yoluxduğu ehtimal edilən və daha sonra Yohannesburq şəhərində həyatını itirən Niderland vətəndaşı ilə eyni təyyarədə səfər edib.

İspaniya rəsmiləri qadından götürülən analiz nümunələrinin nəticələrinin 24-48 saat ərzində açıqlanacağını bildiriblər.

İspaniya səhiyyə nazirinin müavini Xavyer Padilya açıqlamasında qeyd edib ki, şübhəli xəstə təyyarədə virusdan ölən şəxsdən iki sıra arxada əyləşib. Onun sözlərinə görə, sərnişinlər arasında təmasın məhdud olması səbəbindən yoluxma riskinin aşağı olduğu ehtimal edilir.

Padilya əlavə edib ki, həmin uçuşda olan bəzi şəxslərdə, o cümlədən, niderlandlı stüardessada müəyyən simptomlar müşahidə olunsa da, aparılan testlər mənfi nəticə verib.

Qeyd edək ki, “MV Hondius” kruiz gəmisi aprelin 1-də Argentinanın Uşuaya şəhərindən yola düşüb. Ümumdünya Səhiyyə Təşkilatı indiyədək gəmi ilə əlaqəli ən azı beş hantavirus yoluxması təsdiqləyib. Yoluxanlardan üçünün həyatını itirdiyi bildirilir.

Hantavirus, əsasən, gəmiricilər vasitəsilə yayılan təhlükəli virus hesab olunur və ağır hallarda tənəffüs çatışmazlığına səbəb ola bilir.