Tarixçi alimdən Azər Həsrətə sərt cavab: “İslamdan əvvəl nəyimiz vardı?”

Tarixçi alimdən Azər Həsrətə sərt cavab: “İslamdan əvvəl nəyimiz vardı?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarixçi alim Ceyhun Bayramlı jurnalist Azər Həsrətin İslam dini ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

Tribuna.az xəbər verir ki, tarixçi alim paylaşımında gündəmdə olmaq üçün ən asan yolun topluma və onun dəyərlərinə ehkam kəsmək olduğunu bildirib. O qeyd edib ki, son günlər Azər Həsrətin İslam dini barədə dediyi neqativ fikirlər geniş şəkildə tirajlanır.

“Nə imiş dediyi – “İslam dini bizim başımıza gələn ən böyük bəla imiş”, “Batsın belə dini ki, digər türk xalqları ilə aramıza parçalanma salırmış” və s.”, – deyə tarixçi bildirib.

Ceyhun Bayramlı qeyd edib ki, Azər Həsrətin İslama qarşı sərgilədiyi mövqe onun milli dövlətçilik anlayışından uzaq olduğunu göstərir.

“Deyirsən ki, “çukça, çuvaş, qaqauz bəyəm türk deyil? Onlar ki İslam dinində deyil?!” Saydığın o qeyri-İslami türk etnoslarının heç birinin əsrlərdir milli dövlətçilik institutu yoxdur və bu günə kimi müxtəlif güclərin təsiri altında qalıblar. Sənin inkar etdiyin İslam isə bizim bir millət kimi təşəkkül tapmağımızda böyük rol oynayıb”, – deyə o vurğulayıb.

Tarixçi bildirib ki, İslamın Azərbaycan türkləri tərəfindən qəbul edilməsindən sonra böyük dövlətçilik ənənələri formalaşıb.

“İslamın qəbulundan sonra 5 nəhəng imperiya, 21 tarixi dövlət qurmuşuq. İslamdan əvvəlki dövrdə isə pers Sasani dövlətindən asılı Albaniya və dövlətçiliyini itirmiş Atropatena var idi. İslamın Azərbaycana gəlişindən sonrakı 250 ildə Şirvanşahlar, Hürrəmilər, Sacoğulları, Salaroğulları, Şəddadilər və Rəvvadilər kimi dövlətlər yaranıb”, – deyə tarixçi qeyd edib.

Ceyhun Bayramlı əlavə edib ki, Azər Həsrətin nümunə göstərdiyi türk xalqları ilə yanaşı, böyük müsəlman türk xalqları da mövcuddur.

“Başqırdlar, Tatarlar, Qazaxlar, Özbəklər, Qaraqalpaqlar, Türkmənlər, Qırğızlar və Uyğurlar da var. Bunları görməməzlikdən gəlmək olmaz”, – deyə o bildirib.

Tarixçi alim vurğulayıb ki, İslam Azərbaycan türklərinin vahid millət kimi formalaşmasına da təsir edib.

“İslamdan əvvəl bu torpaqlarda əhalinin bir qismi İsəviliyə, bir qismi Musəviliyə, bir qismi Təktanrıçılığa, bir qismi isə Zərdüştiliyə inanırdı. Bu mozaikada etnokonsolidasiyadan söhbət gedə bilməzdi. İslam vahid dini-mədəni məkan yaradaraq xalqın bir millət kimi formalaşmasına şərait yaradıb”, – deyə Bayramlı bildirib.

O həmçinin qeyd edib ki, Azərbaycanın klassik ədəbiyyatı və mədəniyyəti məhz İslam dövründə böyük inkişaf yolu keçib.

“Sənə desəm ki, İslama qədərki dövrə aid bir Azərbaycan şairinin və ya mütəfəkkirinin adını çək, bunu etmək çətin olacaq. Nəsimidən Şəbüstəriyə, Xətaidən Füzuliyə, Seyyid Əzimdən Sabirə qədər böyük şəxsiyyətləri İslamdan ayırmaq mümkün deyil”, – deyə tarixçi bildirib.

Ceyhun Bayramlı əlavə edib ki, İslam dini Azərbaycan xalqının yalnız mənəviyyatına deyil, kulinariyasına, memarlığına və gündəlik həyatına da təsir göstərib.

“Bu gün Azərbaycan ərazisində gördüyümüz tarixi abidələrin böyük hissəsi məhz İslam dövrünə aid məscidlər, mədrəsələr, türbələr və digər abidələrdir”, – deyə o vurğulayıb.

Tarixçi alim sonda Azər Həsrəti dini və milli məsələlərdə daha obyektiv olmağa çağırıb.

“Jurnalistikanın önəmli tərəfi araşdırmadan söz söyləməmək, obyektivlikdən uzaq düşməməkdir. Dərindən araşdırmadığın mövzularda ehkam kəsməməyi, qərəzdən uzaq olmağı tövsiyə edirəm”, – deyə Ceyhun Bayramlı bildirib.

Fərda Uğur