Ukraynada müharibə nə vaxt bitəcək? – Zelenski  açıqladı

Ukraynada müharibə nə vaxt bitəcək? – Zelenski açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putini Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur etmək üçün nəzərdə tutulan diplomatik səylərlə bağlı yenilənmiş vaxt çərçivəsini açıqlayıb.

Tribuna.az UNIAN-a istinadən xəbər verir ki, Zelenski bunu Ukraynanın xarici diplomatik nümayəndəliklərinin rəhbərləri ilə keçirilən müşavirədə bildirib. O vurğulayıb ki, bu il qış mövsümü ölkə üçün əsas prioritetdir. Buna görə də Ukrayna səfirlərinin əsas vəzifəsi tərəfdaşlarla münasibətlərdə xarici siyasət istiqamətində maksimum dəstəyin təmin edilməsidir.

Prezident bildirib: “Hazırda bütün diplomatik səylərimizin nə vaxt nəticə verəcəyini, Ukraynanın Rusiyaya qarşı uzaqmənzilli zərbələrinin, orta mənzilli zərbələrinin və tərəfdaşlarımızın tətbiq etdiyi sanksiyaların Rusiyaya elə bir təzyiq yaradacağını ki, onun sülhdən başqa alternativi qalmayacağını yüz faiz proqnozlaşdıra bilmirik. Lakin bunun qışdan əvvəl, payız aylarında baş verməsi üçün əlimizdən gələni edəcəyik”.

Zelenskinin sözlərinə görə, Ukrayna kiminlə qarşı-qarşıya olduğunu yaxşı anlayır, çünki Vladimir Putin müharibəni uzatmağa çalışır.

“Putin yeni səfərbərlik hazırlayır, yeni zərbələr planlaşdırır. Biz Rusiyanın əsl niyyətlərini görür, tərəfdaşlarımızı birləşdirir və təcavüzkara təzyiqi artırırıq”, deyə dövlət başçısı qeyd edib.

Prezident bildirib ki, xaricdə fəaliyyət göstərən Ukrayna səfirləri ölkənin xarici siyasətinin və tərəfdaşlarla əməkdaşlığın nəticələrinin Ukrayna xalqına və bütün icmalara qarşıdakı qışı təhlükəsiz keçirməyə necə kömək edəcəyinə görə şəxsi məsuliyyət hiss etməlidirlər.

Zelenskinin sözlərinə görə, “Ukrayna üçün qış paketi” sadəcə ifadə deyil. Baş nazirin qarşıdakı qış üçün ölkənin bütün ehtiyaclarını, eləcə də bu ehtiyacların təmin olunmasına görə hansı xarici siyasət istiqamətinin və hansı tərəfdaşın cavabdeh olduğunu əks etdirən dəqiq siyahısı olmalıdır.

Prezident qeyd edib ki, bu siyahıya maliyyə ehtiyacları, avadanlıqlar, konkret resurslar, yerli icmaların tələbatı və bunların təmin olunması üçün zəruri siyasi razılaşmalar daxil edilməlidir.

O əlavə edib ki, Ukraynanın “Patriot”, “IRIS-T”, “Hawk”, “SAMP/T” və “NASAMS” hava hücumundan müdafiə sistemləri üçün raketlərə, həmçinin döyüş aviasiyası üçün bütün zəruri silahlara ehtiyacı var.

“Bununla yanaşı, vilayət və yerli hakimiyyət orqanlarının dayanıqlılıq planlarının icrası da eyni dərəcədə vacibdir. Hər bir Ukrayna səfiri hansı transformatorların haradan əldə ediləcəyini dəqiq bilməlidir. Hər məsələdə konkretlik olmalıdır”, deyə Zelenski vurğulayıb.