TÜRKİYƏDƏ SON 7 İLDƏ TERROR AKTLARININ DƏHŞƏTLİ STATİSTİKASI – ARAŞDIRMA

TÜRKİYƏDƏ SON 7 İLDƏ TERROR AKTLARININ DƏHŞƏTLİ STATİSTİKASI – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə bu kimi terror hadisələri vaxtilə tez-tez baş versə də, son illər insan ölümü ilə nəticələnən partlayışlar səngimişdi. Xüsusilə son 6 ildə İstanbulun mərkəzində belə hadisə baş verməmişdi.

Tribuna. Az Türkiyədə son 7 ildə baş verən partlayışların xronologiyasını hazırlayıb.

Belə ki, 2015-ci ilin iyul ayında Türkiyənin Suriya ilə sərhədində yerləşən Suruc qəsəbəsində baş verən partlayış nəticəsində azı 30 nəfər ölüb, 100-ə yaxın adam yaralanıb.

2015-ci ilin avqust ayında isə İstanbulda polis idarəsinə edilən bombalı hücumda beş polis əməkdaşı və iki mülki şəxs yaralanıb.

Paytaxt Ankara şəhərinin mərkəzində 2015-ci ildə iki partlayış baş verib. Hadisə nəticəsində 95 nəfər ölüb, 200-ə yaxın adam yaralanıb.

Ankarada 1 il sonra 2016-cı ilin fevralında isə bomba yüklü avtomobilin partladılması nəticəsində azı 28 nəfər ölüb, 60 nəfər yaralanıb.

Bu hadisədən 1 ay sonra Ankarada daha bir bomba yüklü avtomobil partladılır. Nəticədə ən azı 37 nəfər həlak olub, 70-dən çox yaralı xəstəxanaya yerləşdirilib.

Ankaranın ardınca, elə 2016-cı ilin mart ayında İstanbulun mərkəzində Taksim Meydanı ərazisində məşhur İstiqlal küçəsində kamikadze özünü partladıb. Partlayış nəticəsində azı 5 nəfər ölüb, 36 nəfər yaralanıb.

2016-cı ilin iyun ayında isə İstanbulun ən böyük hava limanı olan Atatürk Beynəlxalq Hava Limanına hücum nəticəsində ən azı 41 nəfər həlak olub, 239 nəfər yaralanıb.

Həmin ilin avqust ayında isə Türkiyənin cənub-şərqində, Suriya sərhədi yaxınlığındakı Qaziantep vilayətində toy mərasimində intiharçı hücum nəticəsində 50-dən çox insan həlak olub, onlarla insan yaralanıb.

2016-cı ilin oktyabr ayında Türkiyənin ən qaynar nöqtəsi hesab edilən cənub-şərqindəki Hakkari vilayətində bomba yüklü avtomobilin hərbi məntəqəyə hücumu nəticəsində azı 18 nəfər həlak olub.

Bir ay sonra isə 9 nəfərin ölümünə səbəb olan avtomobil partladılır. İŞİD Türkiyənin cənub-şərqində baş verən bu hadisəyə görə məsuliyyəti üzərinə götürür.

2016-cı ilin dekabr ayında isə Türkiyənin İstanbul şəhərində iki partlayış baş verib. Əksəriyyəti polis əməkdaşları olmaqla azı 38 nəfər ölüb, 160-dan çox insan yaralanıb.

2017-ci ilin yanvar ayında da İstanbulda izdihamlı gecə klubuna hücum nəticəsində Yeni ili gəlişini qeyd edən 39 nəfər həlak olub, onlarla insan yaralanıb.

Bir nüçə gün sonra isə Türkiyənin Egey dənizinin İzmir şəhərində məhkəmə binası qarşısında partlayış baş verir. Şəhər valisinin verdiyi açıqlamaya görə, biri polis məmuru olmaqla azı iki nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

2019-cu ilin iyul ayında isə yenə də Türkiyənin cənubunda, Suriya sərhədinə yaxın olan Reyhanlı şəhərində bomba yüklü avtomobil partladılır. Nəticədə ən azı üç nəfər həlak olub.

Həmin ilin sentyabr ayında isə Türkiyənin cənub-şərqində Diyarbəkir vilayətində kənd sakinlərini daşıyan avtomobil yola yerləşdirilmiş əldəqayırma partlayıcının işə düşməsi nəticəsində partlayır. Hadisə nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

Dünən, 13 noyabr 2022-ci il tarixində İstanbulun mərkəzində baş verən partlayış nəticəsində ən azı altı nəfər həlak olub, onlarla insan yaralanıb.

Nigar