ABŞ-də 2027-ci maliyyə ili üçün “Green Card” lotereyasına müraciətlərin başlanması yenidən gecikib. Proqram üzrə yeni qeydiyyat tarixləri hələ açıqlanmayıb.
Tribuna.az xəbər verir ki, “Visa-Guru” portalının məlumatına görə, ABŞ administrasiyası lotereya ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib və qərarın icrasının dayandırılmasına nail olub. Bu səbəbdən müraciətlərin noyabrın 1-dən qəbuluna başlanması ilə bağlı gözləntilər özünü doğrultmayıb.
Məlumata əsasən, lotereyanın keçirilməsi ilə bağlı qeyri-müəyyənlik milli təhlükəsizlik məsələləri ilə əlaqələndirilir. Bununla belə, ABŞ rəsmiləri növbəti mərhələnin başlanacağı tarix barədə hələlik açıqlama verməyiblər.
“Green Card” nədir?
“Green Card” ABŞ-də xarici vətəndaşlara daimi sakin statusu verən sənəddir. Bu statusun sahibləri ABŞ-də qanuni şəkildə yaşamaq və işləmək hüququ əldə edirlər. Qanunvericiliyin tələblərinə cavab verən daimi sakinlər gələcəkdə ABŞ vətəndaşlığı üçün də müraciət edə bilərlər.
ABŞ-nin “Diversity Visa” (DV) proqramı hər il immiqrasiya səviyyəsi aşağı olan ölkələrin vətəndaşlarına daimi yaşayış hüququ əldə etmək imkanı yaradır. Proqram üzrə seçim təsadüfi qaydada aparılır, lakin seçilmək vizanın avtomatik verilməsi demək deyil. Namizədlər digər tələblərə də cavab verməlidirlər.
DV-2027 proqramı ilə bağlı rəsmi qeydiyyat tarixləri və mümkün dəyişikliklər ABŞ Dövlət Departamentinin açıqlamalarından izlənilməlidir.









