ABŞ prezidenti Donald Trampın Florida ştatında yerləşən Trump National Doral qolf kurortunda onun qızıl örtüklü bürüncdən hazırlanmış heykəli quraşdırılıb.
Tribuna.az xəbər verir ki, bu barədə Golfweek jurnalı məlumat yayıb.
Bildirilib ki, heykəl rəssam Alan Kottrill tərəfindən hazırlanıb və Trampa 2024-cü ildə edilən sui-qəsd cəhdindən sonrakı anı əks etdirir. Peşəkar qolfçu Maverik Maknili heykəl barədə danışarkən onun “çox hündür və çox qızılı” olduğunu deyib.
Məlumata görə, heykəlin hündürlüyü postamentlə birlikdə 6.7 metr, postsamentsiz isə 4.5 metrdir.
Qeyd edək ki, Donald Tramp qolf idmanına xüsusi marağı ilə tanınır. Daha əvvəl HuffPost portalı onun Floridadakı qolf sahələrində keçirdiyi istirahətin 20 yanvardan sonra ABŞ vergiödəyicilərinə 18 milyon dollardan çox xərcə başa gəldiyini yazmışdı.









