Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə danışaraq Rusiya və Ukrayna arasındakı müharibəni tez bir zamanda bitirə biləcəyi iddia edib.
Tribuna.az “Newsweek”ə istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Right Side Broadcasting Network-ə verdiyi müsahibədə deyib ki, o, hələ də Co Bayden əvəzinə Ağ Evdə olsaydı, Rusiyanın işğalı heç vaxt başlamazdı.
Tramp əlavə edib ki, “24 saat ərzində müharibənin sona çatması ilə bağlı danışıqlar aparmaq mümkün olardı və ABŞ lideri olsaydım, bunu edə bilərdim”.
Tramp Ukraynadakı müharibəni “dəhşət” adlandırıb və münaqişə nəticəsində ölənlərin ümumi sayının açıqlanandan daha çox olduğunu bildirib.
“Düşünürəm ki, rəqəmlər daha çoxdur. Bu, daha sonra açıqlanacaq. Amma biz bununla bağlı nəsə etməliyik. Bu müharibə dayanmalıdır və bunu etmək asandır”, – o əlavə edib.









