ABŞ-ın keçmiş prezidenti Donald Tramp məşhur amerikalı jurnalist Bob Vudvordu siyasətçinin razılığı olmadan müsahibələrin audiokitabını dərc etdiyinə görə məhkəməyə verib.
Tribuna.az xəbər verir ki, bu barədə Vaşinqton post qəzeti məlumat yayıb.
İddia ərizəsində bildirilir ki, Tramp Vudvorda yalnız gələcəkdə çap olunan kitab üçün məlumat verdiyi barədə dəfələrlə xəbərdarlıq edib. Siyasətçi bildirib ki, jurnalist səs yazılarını ondan xəbərsiz yayıb ki, bu da “müəllif hüquqlarını pozur”.
Eks-prezident audiokitabın satışından heç bir qonorar almadığı üçün maddi itkilərlə üzləşdiyini də təkid edir. Tramp təzminat üçün 50 milyon dollar tələb edir.
İddia ABŞ-ın Florida ştatının Pensakola bölgə məhkəməsinə verilib.
Vudvord “The Washington Post” qəzetinin əməkdaşıdır. O, Uotergeyt qalmaqalına (1972-1974) və ABŞ prezidenti Riçard Niksonun istefasına səbəb olan jurnalist araşdırmasının iştirakçılarından biridir. Vudvord Donald Trampa həsr olunmuş Qorxu: Tramp Ağ Evdə (2018), Qəzəb (2020) və Təhlükə (2021) kimi kitabların müəllifidir.
Bundan əvvəl Florida məhkəməsinin Tramp və onun vəkilini Hillari Klintona qarşı əsassız iddiaya görə 940 min dollar cərimələdiyi bildirilirdi.









