ABŞ Prezidenti Donald Tramp İranla müharibənin davam etdiriləcəyini bəyan edib. O, hərbi əməliyyatların dayandırılması ilə bağlı qərarın gündəmdə olmadığını bildirib.
Tribuna.az xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.
Tramp jurnalistlərlə söhbətində İranla bağlı hərbi əməliyyatların zəruri olduğunu və Vaşinqtonun bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini deyib.
“İran məsələsində bunu etməli idik və bunu davam etdiririk”, – deyə ABŞ prezidenti bildirib.
Tramp eyni zamanda İranla müharibənin ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrinə təsir göstərdiyini etiraf edib. Münaqişə fonunda yanacaq qiymətlərinin yüksəlməsi amerikalı seçicilərin narazılığını artıran amillərdən biri olub.
ABŞ-da keçirilən seçkilərdə Demokratlar Konqresin hər iki palatasında üstünlük əldə ediblər. Respublikaçıların məğlubiyyətində İran müharibəsinin rolunu vitse-prezident Cey Di Vens də vurğulayıb.
Tramp isə müharibənin siyasi nəticələrinə baxmayaraq, bu qərarından geri çəkilməyəcəyini və eyni şəraitdə yenidən belə addım atacağını bildirib.
Münaqişənin davam etməsi Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti ilə yanaşı, dünya enerji bazarları və neft qiymətləri üçün də ciddi qeyri-müəyyənlik yaradır.
İmran Kərimli









